19.10.2024, 09:32
AZ EN
07.11.2022, 11:50 301

Hamamlı rayonu, Saral kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycanın qədim yaşayış məskənlərindən biri, Pəmbək mahalının Hamamlı rayonunda yerləşən kəndlərindən biri də Saral kəndidir. Kənd rayon mərkəzindən 7 km şərqdə, Pəmbək çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. Kəndin ilk adı Sarallı olmuşdur. Hamamlı rayonu təşkil edilənədək (1937) Qarakilsə rayonunun tərkibində olub. Toponim sarallı türk tayfasının adı əsasında əmələ gəlib. Etnotoponimdir, quruluşca sadə toponimdir.

Kənd əhalisi 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər,  1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914-cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycan türkləri yaşamışdır.

1915-1918-ci illərdə xaricdən köçürülən ermənilər kənddə yerləşdirilib və kəndin əhalisi  ermənilərlə birlikdə 3090 nəfər təşkil etmişdir. 1919-cu ilin axırlarında kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq  qırğınlarla deportasiya olunmuşlar. Qərbi Azərbaycanda (indiki Ermənistanda) sovet hökuməti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 808 nəfər, 1926-cı ildə 851 nəfər, 1931-ci ildə 975 nəfər, 1987-ci ildə isə 1856 nəfər azərbaycan türkü yaşamışdır. Erməni vəhşiliyi, quldurluğu ilki elə Qərbi Azərbaycanda yaşayan soydalarımızın başına gətirdikləri faciələrdən, Azərbaycan türklərinə qarşı ağlasığmayan qanlı cinayətlərdən başlamışdır.

1988-ci il noyabrın 30-da  erməni daşnakları Hamamlı rayonunun Saral kəndindən Həmzəçimən kəndinə yollanan qaçqın dəstəsinə basqın etmiş, 18 nəfəri amansızlıqla qətlə yetirmiş, Teymur Balacayevin 8 nəfərlik ailəsi isə tamamilə məhv edilmişdir.

1988-ci il deportasiyası və zəlzələ zamanı kənd camaatı Azərbaycan türklərindən ibarət olub.

Saral kəndinin Azərbaycanımızın inkişafına töhfələr vermiş bir çox ziyalıları, alimləri, müəllimləri, tanınmışları, yazıçıları,şairləri, Milli Qəhrəmanları, şəhidləri, Vətən müharibəsi iştirakçıları vardır. Texnika üzrə fəlsəfə doktor, Abdulla Yusifov, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Şəkər  Məmmədova, tərcüməçi alim, elmlər namizədi Çərkəz Qurbanlı, tibb elmləri doktoru Cəlal İsayev, coğrafiya elmləri namizədi, Anar Osmanov, yazıçı-araşdırmaçı Sənubər Sarallı Abdullayeva, professor Əsgər İsayev, fizika-riyaziyyat elmləri doktoru, professor Fəxrəddin İsayev, kimyaçı alim Səlimxan Əliyev, Fəlsəfə doktoru Firdofsi Bəşirov, tibb elmləri namizədi, dosent Knyaz Mirzəyev, professor Hidayət İsayev və onlarca ziyalılar Saral kəndinin yetirmələridir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər