XVI yüzilliyin 90-cı illərində tərtib olunmuş "Urud və İsgəndər qalası livasının sicil dəftəri"ndə kəndin adı "Pakhan" kimi qeyd olunur.
1918-ci ildə kənd əhalisi erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalaraq, dekabr ayında qarlı Zəngəzur dağlarını aşaraq Naxçıvana qaçmışlar. 1919-cu ildə kəndlərinə qayıdan pəyhanlılar yenidən qaçqınlıqla üzləşərək bu dəfə Zəngilan rayonuna pənah aparmışlar. 1922-ci ildə Azərbaycan və Ermənistanda Sovet hökumətinin qurulmasından sonra Pəyhan camaatından yalnız 70 nəfəri öz dədə-baba yurdlarına qayıtmışdır.
Pəyhan kolxozu 1931-ci ildə yarandılmış, 1937-ci ildə Keypəşin kolxozu, 1952-ci ildə isə Acıbac kolxozu Pəyhan kolxozuna birləşdirilmişdir. 1965-ci ildə isə Pəyhan kolxozu ləğv edilərək bütün əmlakı Gığı heyvandarlıq sovxozuna verilmişdir.
30-cu illərin sonlarında Pəyhandan nisbətən böyük kənd olan Keypəşin kəndinin adı da rəsmi sənədlərdə Pəyhan adı ilə qeyd edilməyə başlandı. Keypəşin kəndinin özündən az evli kənd olan Pəyhana birləşdirilməsinin səbəbi Keypəşin camaatının sovet hökumətinin kollektivləşmə qərarına qarşı çıxmaları olmuşdur.
Altmışıncı illərin ikinci yarısından başlayaraq, işsizlik, maddi sıxıntı, təhsil və digər səbəblərdən kənd camaatı, xüsusən də gənclər, tədricən Azərbaycan SSR-ə köç etməyə başlamışdır. 1988-ci ilin dekabr ayında isə kənd camaatı yenidən deportasiyaya məruz qalaraq kəndlərini bir daha tərk etmişlər.
Kənd əhalisi hal-hazırda Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda məskunlaşıblar.
Toponim qədim türk dilində "təpə" mənasında işlənən "bek" sözünün fonetik forması (əslində dialekt variantı) "pəy" sözü ilə türk dilində daxma, kaha, mağara mənasında işlənən «in» sözünün birləşməsi əsasında yaranmışdır. Toponimin ikinci komponenti han/an «in» sözünün dəyişmiş formasıdır. Relyef əsasında yaranan mürəkkəb toponimdir.
Kəndin adının etimologiyalarından biri də, şişili türk tayfasının Pəyhan qışlağının və Qarakilsə nahiyəsindəki Pehin, Qazax qəzasındakı Peykanlı (hal-hazırda Ağstafa rayonunun Poylu qəsəbəsindəki kənd qəbirstanlığı xalq arasında "Peykanlı qəbirstanlığı" adıyla tanınır) kəndlərinin adı ilə həmahəng olan, Anadoludan gəlmə "Piykan" tayfası ilə bağlı olmasıdır.
Sovet dövründə kənd əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olsa da, 1988-ci il deportasiyası zamanı kənd sakinləri kənddən çıxarılmış, daha sonralar isə yerlərinə ermənilər köçmüşlər.
XVI yüzilliyin 90-cı illərində tərtib olunmuş "Urud və İsgəndər qalası livasının sicil dəftəri"ndə Pəyhan əhalisinin etnik tərkibi türk kimi göstərilir.
Hazırda ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ