Qırxbulaq mahalının Ellər rayonu ərazisində, Göykilsə kəndi yaxınlığında olan Masis kəndində ancaq Azərbaycan türkləri yaşamışlar. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Qırxbulaq nahiyəsinin Masis məzrəsi kimi qeydə alınmışdır. Sonrakı mənbələrdə kəndin adına rast gəlinmir. Ehtimal olunur ki, sonralar kənd Göykilsə kəndinə qarışaraq tarix səhnəsindən silinmişdir. Toponimin türkmənşəli olduğu tamamilə aydın görünür. Bütöv Azərbaycan ərazisində mas komponentli çoxlu tarixi toponimlər mövcuddur. Bunlardan Masallı, Abşeronda Masazır, Ordubadda Masnis, Gədəbəydə Masxit, Göyçədə Masruka (18-ci əsrdə kilsə adı) və Masriz, Üçkilsədə Masdərə toponimlərini qeyd etmək olar. Milli Məclisin üzvü Əziz Ələkbərli bildirir ki, bu toponimlərdəki və hətta Massaget (Maskut) etnonimindəki mas komponentləri eyniköklüdür və Sak türklərinin bütöv bir qolunun adını daşıyır.
İsa MUSAYEV