Bunu açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Mircəlil Qasımlı deyib: “Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasındakı çıxışında qeyd etdiyi kimi avqustun 8-də Vaşinqtonda keçirilən Sammit geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır. Bu xüsusda, regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayan Orta Dəhlizin inkişafı bölgənin gələcək tərəqqisi baxımından xüsusi əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycanın tranzit infrastrukturunda strateji rol oynayacaq Zəngəzur dəhlizinin açılması ilə yük daşımaları daha qısa və sürətli marşrutla həyata keçiriləcək, ticarət xərcləri azalacaq, ötürücülük qabiliyyəti artacaq. Bu da qlobal müstəvidə Orta Dəhlizin rolunun daha da möhkəmlənməsini təmin edəcək”.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri çərçivəsində “Orta Dəhlizin inkişafı” birgə layihəsinin təqdimatı onun qardaş ölkələrimiz üçün əhəmiyyətini bir daha nümayiş etdirir. Eyni zamanda, ölkələrimiz enerji sektorunda əməkdaşlıq əlaqələrinə malikdirlər. Səfər çərçivəsində bu istiqamətdə gündəlikdə duran məsələlər, o cümlədən Xəzərin dibi ilə elektrik kabelinin tikintisi layihəsi nəzərdən keçirildi.
Azərbaycan ilə Qazaxıstan arasında fəal siyasi dialoqun yalnız iqtisadi sahədə deyil, bütün istiqamətlərdə münasibətlərin inkişafına təkan verdiyini söyləyən deputat bildirib ki, siyasi, humanitar, mədəni əlaqələr də dinamik şəkildə genişlənir. Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası ölkələrimiz, xalqlarımız arasındakı dostluğun əyani təzahürüdür. “Beləliklə, bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan–Qazaxıstan əməkdaşlığı zəngin və çoxşaxəli gündəliyə malikdir. Bu dinamika qardaş ölkələrin qarşılıqlı etimadının, strateji tərəfdaşlığının parlaq göstəricisidir”, - deyə deputat vurğulayıb. (AZƏRTAC)