27.10.2025, 13:18
AZ EN
27.10.2025, 09:00 206

Biz bir ölər, min dirilərik...

XƏBƏRLƏR
  • Məhəmməd müharibəyə gedəndə qızının 3 yaşı vardı, oğlu isə hələ dünyaya gəlməmişdi. Məhəmmədin arzusuyla oğlunun adını Məhəmmədxəlil qoydular. Ancaq ata-bala bir-birinin üzünü görə bilmədi. Həyat yoldaşı deyir ki, biz bir ölər, min dirilərik. İnanıram ki, övladları Məhəmmədin adına layiq olacaqlar...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Məhəmməd Seymur oğlu Osmanovun doğum günüdü. O, 27 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olub. Ailənin iki övladından biri, tək bacının tək qardaşı, evin tək oğlu olub. 2000-2011-ci illərdə kənd  orta məktəbində oxuyub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmətini şərəflə başa vurub evinə, ailəsinə dönüb. 2016-cı ilin avqustun 27-də ailə həyatı qurub. 2017-ci ilin iyunun 4-də ilk övladı-Şəbnəm adlı qızı dünyaya gəlib. İkinci övladı isə şəhid olduqdan sonra 2021-ci il mayın 9-da dünyaya gəlib və adını Məhəmmədxəlil qoyublar.

2019-cu ildə yenidən MAXE kimi (tankçı) Vətənə xidmətə başlayıb.

İkinci Vətən Müharibəsi zamanı bir yurd sevdalısı, bir MAXE əsgər kimi döyüşlərə, Qarabağın müdafiəsinə atılıb. Müharibəyə gedəndə ailəsinə heç nə deməyib. Axırınıncı dəfə ailəsi, həyat yoldaşı ilə sentyabrın 28-də danışıb və deyib ki, “Yaxşıyam, narahat olmayın, hər şey yaxşı olacaq…”

Son danışığından az sonra sentyabrın 29-u səhər saatlarında Suqovuşan istiqamətində qanlı döyüşlər zamanı aldığı qəlpə yarasından qəhrəmancasına şəhidlik məqamına ucalıb. Şəhidimizin mübarək nəşi 5 gün sonra tapılaraq oktyabrın 4-də Ərəbocağı kənd qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Bu gün şəhidimizin doğulub boya-başa çatdığı Ərəbocağı kəndində bir küçə onun adını daşıyır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məhəmməd Osmanov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər