AMEA-dan bildirilib ki, tədbir iştirakçıları əvvəlcə foyedə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə dair akademiyanın nəşrlərindən ibarət sərgi ilə tanış olublar.
Mərasimi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, dövlət müstəqilliyimizin bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan öz inkişafının ən yüksək mərhələsinə yüksəlib.
AMEA rəhbəri vurğulayıb ki, Ulu Öndərin “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də Azərbaycan və Türkiyə vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı əlaqələr sarsılmazdır.
Akademik İsa Həbibbəyli AMEA-da da hər il Ümummilli Liderə həsr olunan silsilə tədbirlər keçirildiyini, dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətinə dair kitablar nəşr olunduğunu, məqalələr yazıldığını bildirib.
Təqdimatı keçirilən “İnsan ürəyi ilə Heydər Baba” kitabının tarixi əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan akademik İsa Həbibbəyli qeyd edib ki, nəşrdə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdə misilsiz xidmətləri, yüksək insani keyfiyyətləri, zəngin mənəvi dünyası geniş şəkildə əks olunub. Kitabda nüfuzlu alimlərin, ictimai-siyasi xadimlərin Ulu Öndər haqqında fikirləri, dahi şəxsiyyətlə bağlı xatirələri yer alıb. Heydər Əliyevə həsr olunan bu kitab Ulu Öndərin şəxsiyyətinə ehtiramın ifadəsidir.
Daha sonra Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək 1995-ci ildə Ulu Öndərlə ilk tanışlığından danışıb, Heydər Əliyevin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının böyük oğlu olduğunu bildirib.
“İnsan ürəyi ilə Heydər Baba” kitabını yazarkən alim və jurnalist Aysel Sadak İltaşın Azərbaycana dəfələrlə səfər etdiyini, 51 müsahiblə görüşdüyünü deyən Şamil Ayrım qeyd edib ki, ictimaiyyətə təqdim olunan bu nəşr Ulu Öndər Heydər Əliyevi gələcək nəsillərə daha yaxından tanıtmaq üçün dəyərli töhfədir.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov isə çıxışında Ümummilli Lider Heydər Əliyevlə sıx təmasda olmuş, onu yaxından tanımış insanların xatirələrinin toplandığı kitabın əhəmiyyətini qeyd edib.
“Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin birinci, istərsə də ikinci dövründə fəaliyyətinin əsas istiqamətlərindən biri Türk dünyası ilə əlaqələrin genişlənməsi idi”, - deyə bildirən akademik Əhliman Əmiraslanov vurğulayıb ki, Ulu Öndərin müdrik siyasi fəaliyyəti Azərbaycanın Türk dünyası ilə əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayıb.
Tədbirdə, həmçinin Xalq şairi Sabir Rüstəmxanlı, Qazaxıstan Parlamenti Senatının deputatı Darxan Kıdırəli, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Xalq yazıçısı Elmira Axundova, Türkiyənin Böyük Millət Məclisinin deputatı Cantürk Alagöz kitabın əhəmiyyətindən danışıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. Çıxışlarda Heydər Əliyevin siyasi irsinin hər zaman zəngin mənbə olduğu vurğulanıb, Ümummilli Liderin Azərbaycan tarixindəki əvəzsiz xidmətləri barədə faktların ictimaiyyətə çatdırılması istiqamətində təşəbbüslərin təqdirəlayiq olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, “İnsan ürəyi ilə Heydər Baba” kitabının əvvəlində müəllifin Ulu Öndərlə müsahibəsinə geniş yer verilib.
Sonda nəşrin müəllifi türkiyəli alim və jurnalist Aysel Sadak İltaş Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. (AZƏRTAC)