19.03.2026, 11:03
AZ EN
19.03.2026, 09:28 26

Ağdamda “Tarixin yaddaşı, ilmələrin dili” adlı sərgi açılıb

QARABAĞ
  • Ağdam rayonu Heydər Əliyev Mərkəzində Əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyevin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Tarixin yaddaşı, ilmələrin dili” adlı 5-ci fərdi yaradıcılıq sərgisi keçirilib. Mədəniyyət Nazirliyi, Ağdam Rayon İcra Hakimiyyəti, Ağdam rayon Heydər Əliyev Mərkəzi və Beynəlxalq Qalereyanın təşkilatçılığı ilə keçirilən sərginin layihə rəhbəri Aygün Əzizovadır.

Açılış mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, Adil Şıxəliyevin əsərləri Rusiya, Gürcüstan, Almaniya, Çexiya və Türkiyənin ən nüfuzlu sərgi salonlarında nümayiş olunub. Onun bu gün açılan 5-ci fərdi yaradıcılıq sərgisi davamlı yaradıcılıq axtarışlarının, inkişaf edən sənətkarlıq məktəbinin nümunəsidir.

Əməkdar rəssam Adil Şıxəliyev çıxışında təşkilatçılara minnətdarlığını bildirib. O qeyd edib ki, qobelen sənəti onun üçün yalnız sənət deyil, həm də tarixi yaddaşın qorunması vasitəsidir. Ulu Öndərin obrazını ilmələrdə əks etdirmək onun üçün böyük şərəfdir.

Rəssam vurğulayıb ki, hər bir əl işi aylarla, bəzən illərlə işlənir və nəticədə yaranan əsər sadəcə tablo deyil, ruhun, hisslərin canlı təcəssümüdür.

Sonra iştirakçılar rəssamın əl işlərinə baxış keçiriblər.

Sərgidə əməkdar rəssamın son dövrlərdə işlədiyi qobelen əsərləri nümayiş olunur. İlmə-ilmə işlənən hər bir əsər tarixin nəfəsini, mədəniyyətimizin zənginliyini, xalqımızın qəhrəmanlığını əks etdirən orijinal sənət nümunəsidir. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən əsərlər xüsusi yer tutur. (AZƏRTAC)

Oxşar xəbərlər