Yekun panel müzakirə “Dayanıqlı memarlıq, material, layihə, icra” mövzusunda olub.
Müzakirələrdə çıxış edən Demet Ulusoy Binan, Fatma Səmədova, Hamida Rhouma, Pietro Laureano, Aziza Miledin memarlıq irsinin qorunması prosesindən danışıblar. Həmçinin tarixi abidələrin tədqiqatı, təhlili, qiymətləndirilməsi, konservasiyaya yanaşmanın, icra üçün müdaxilə üsullarının müəyyənləşdirilməsi ətrafında çıxışlar olub və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bundan başqa, iştirakçılar şəhərsalma və yaşayış yerlərinin inşası zamanı xüsusi əhəmiyyət kəsb edən infrastrukturun qurulması istiqamətində memarlıq təcrübələrini bölüşüblər.
Qeyd edək ki, simpoziumda müxtəlif qurumların əməkdaşları, Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı, Böyük Britaniyadan 80-dən çox memar iştirak ediblər.
Simpoziumun ilk günü əcnəbi memarlar Şuşa şəhərinin tarixi-memarlıq abidələri, bərpa edilən məscidləri, qala divarları ilə yaxından tanış olublar. Qədim tarixi mədəniyyət abidələri ilə zəngin olan Şuşa şəhərinin bərpası istiqamətində bu gün həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və abadlıq, quruculuq, yenidənqurma işlərinin davam etdirilməsi barədə qonaqlara geniş məlumat verilib, şəhər gəzintisi təşkil edilib.
Tədbirin ikinci günü rəsmi hissə ilə başlayıb. Açılış mərasimində çıxış edənlər Şuşa memarlığının özəlliyi, İslam dünyası memarlığının tarixi və önəmi baxımından bu tədbirin memarlıq sahəsinin inkişafı üçün böyük töhfə olacağını bildiriblər.
Sonra simpozium işini “Tarixi şəhər toxumasının regenerasiyası”, “Abidələrin müasir həyatı”, “Dayanıqlı memarlıq, material, layihə, icra” mövzularında panel müzakirələri ilə davam etdirib. (AZƏRTAC)