21.03.2026, 13:29
AZ EN
19.03.2026, 10:08 212

Rusiyadan "Tramp Marşrutu"na qərəzli yanaşma

XƏBƏRLƏR
  • "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP" adlandırılan Zəngəzur dəhlizi layihəsinin reallaşması ABŞ-İsrail-İran müharibəsi fonunda ləngiyə bilər.

"Vətən səsi" xəbər verir ki, belə bir iddia ilə "Moskovskiy komsomelts" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi İranda baş verən hadisələr səbəbindən gecikə bilər. Guya, o, İrəvanda keçirdiyi sonuncu brifinqdə deyib ki, hazırda TRIPP ABŞ administrasiyasının prioritetləri sırasında deyil.

Xatırladaq ki, Ermənistanın Sünik (Zəngəzur) vilayəti ərazisindən keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək 42 kilometrlik nəqliyyat dəhlizi barədə razılaşma 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşündə əldə olunub. Həmin razılaşma sənədi ABŞ-ın vitse-prezidenti Ceym Devid Vensin ötən ay Bakıya və İrəvana səfəri zamanı da təsdiqlənib. Tərəflər artıq layihənin praktiki icrasına başlayıb. Layihə üzrə tikintinin işlərinə də bu il başlanması planlaşdırılıb. Hətta rəsmi İrəvan dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı Rusiya da daxil bir neçə ölkə ilə müzakirələr də aparıb və bu proses indi də davam edir.

Bununla belə, Rusiya mətbuatının ""Tramp marşrutu" İranda baş verən hadisələrə görə gecikə bilər" iddiası bəzi suallar doğurub. "Moskovskiy komsomelts" yazır ki, İran müharibəsi və Ermənistanda keçiriləcək seçkilər TRIPP layihəsi ilə bağlı planları puça çıxara bilər. Çünki ABŞ-ın başı İrandakı hadisələrə qarışıb, resurslarının böyük hissəsini Tehrana yönəldib və belə bir şəraitdə Ermənistanda keçiriləcək parlament seçkilərində hazırkı Baş nazir Nikol Paşinyanın komandasına dəstək vermək imkanları xeyli dərəcədə məhdudlaşıb. Bu isə o deməkdir ki, Paşinyanın komandası seçkilərdə uduza bilər və Vaşinqtonda üçtərəfli qaydada razılaşdırılmış "Tramp marşrutu"nun taleyinə təsirsiz ötüşməyəcək.

Erməni politoloq Andranik Miqranyan bildirib ki, hər şey İrana qarşı aparılan müharibə və Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olacaq. Onun fikrincə, əgər ABŞ və İsrail Yaxın Şərqdə məğlub olub bölgədən çəkilsələr Tramp administrasiyası Zəngəzur dəhlizinin açılmasında əvvəlki qədər maraqlı olmayacaq: "Çünki İran bu layihəyə çox mənfi yanaşır. Layihə regiondakı digər Amerika obyektləri kimi İran üçün potensial hərbi hədəfə çevrilə bilər. Belə bir təhlükə mövcud olduğu halda layihəni həyata keçirmək çox çətindir. Buna görə də regionda müharibə başa çatmayana və Ermənistanda seçkilərin nəticələri məlum olmayana qədər TRIPP layihəsinin gələcəyi qeyri-müəyyən qalacaq".

Bununla belə, Rusiya nəşrinin yazdıqları sadəcə, ehtimallardı və bu, daha çox siyasi maraqlar güdən təhlillərə əsaslanır. Üstəlik, rəsmi Bakı da dəfələrlə bəyan edib ki, Vaşinqton razılaşmalarından sonra TRIPP layihəsi adlandırılan və beynəlxalq aləmin də bu cür tanıdığı Zəngəzur yolunun aqibəti Ermənistandakı seçkilərdən asılı deyil və layihə istənilən halda reallaşacaq.

Vaşinqton və İrəvan arasında əldə edilmiş razılaşmaya əsasən, Ermənistan faktiki olaraq öz suveren ərazisinin bir hissəsini 99 illik müddətə ABŞ-yə icarəyə verib. Layihəni səhmlərinin 74 faizi ABŞ-a məxsus olan "TRIPP Development" şirkəti idarə edəcək. Marşrut istifadəyə verilən gündən hesablanmaqla 49 ildən sonra müqavilə daha 50 il uzadılacaq. Həmin müqavilədə dəmir yoluna nəzarət paketinin 49 faizi Ermənistanın, 51 faizi ABŞ-ın payı olacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər