19.03.2026, 14:13
AZ EN
19.03.2026, 12:57 201

Qarabağda bərpa və inkişaf: yeni mərhələnin əsas göstəriciləri

YAZILAR
  • Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bu proses artıq regionun sosial-iqtisadi həyatında mühüm dönüş yaradıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Artıq altıncı ildir ki, Azərbaycan Prezidenti Novruz bayramını Qarabağda qeyd edir. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın işğalı nəticəsində tamamilə dağıdılmış Qarabağ 6 il öncə - şanlı Zəfərdən sonra quruculuq və bərpa mərhələsinə qədəm qoyub. Bu müddət ərzində işğaldan azad olunmuş ərazilər Prezidentin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə daxil olub.

Deputat qeyd edib ki, ötən 6 il ərzində 75 mindən çox vətəndaş Qarabağda yaşayaraq işləməyə və təhsil almağa başlayıb. Həmin dövrdə yalnız dövlət büdcəsindən bu ərazilərin bərpasına 22 milyard manatdan çox vəsait ayrılıb. Cari ildə isə bu istiqamətdə ən azı 3,5 milyard manatın yönəldilməsi planlaşdırılır.

Bununla yanaşı, son 6 ildə Qarabağ və Şərqi Zəngəzurda 30 minə yaxın keçmiş məcburi köçkün daimi məskunlaşıb ki, bu da 7200-dən çox ailənin mənzillə təmin edilməsi deməkdir. 2026-cı ilin ilk iki ayına yaxın müddətdə isə 3 mindən çox keçmiş məcburi köçkün bu ərazilərə köçürülüb. Bu, ilin əvvəlindən etibarən 700-dən çox evin dövlət tərəfindən təqdim olunması ilə nəticələnib.

Vüqar Bayramov əlavə edib ki, yaxın illərdə təxminən 15 milyard manatlıq yeni iqtisadi dəyər formalaşdırmaq potensialına malik olan Qarabağ artıq Azərbaycanın iqtisadi inkişafının əsas drayverlərindən birinə çevrilməkdədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər