1828-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. 1828-1829-cu illərdə kənddə həm də İrandan köçürülmüş ermnənilər yerləşdirilmiş və kənd həmin vaxtdan 1930-cu ilə qədər azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olmuşdur. 1930-cu illərdə isə kənd bütünlüklə erməniləşdirilmişdir.
“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Gərni nahiyəsinin Yuva kəndi kimi qeydə alınmış, kəndin Ağcaqışlaq kəndi yaxınlığında yerləşdiyi, dövlətin kənddən götürdüyü illik gəlirin 12.000 ağca olduğu göstərilmişdir.
Sonrakı mənbələrdə də kəndin adı Yuva şəklindədir. Heç şübhəsiz, Yuva oykonimi Səlcuq türklərinin Yivə/Yuva tayfasının adını əks etdirir. Həmin tayfa da Mahmud Kaşğarlıdakı 22 Oğuz boyundan birini təşkil edir. Səlcuqlar dövründə xeyli fəal olan bu tayfa Mahmud Kaşğarlıda Yuva,Yıva,İva,Yafa, Avva formalarında yazıya alınmışdır.
Tədqiqatçı Faruq Sümər “Oğuzlar” əsərində Yıva tayfasına geniş yer ayırmışdır. Tədqiqatçının fikrinə görə, Yıvalara aid ən qədim məlumat 1158-ci ildən başlayır. Yıvalar bu tarixdən Həmədanın qərbində həddən artıq sıx yaşayırmışlar. Onların bu yerlərdə 1130-cu illərdə Sır-Dərjadan Əfşar və Salğurlarla birlikdə gəldikləri ehtimal olunur. XII yazılı hadisələrdən bəhs edən mənbələr təsdiqləyir ki, Azərbaycan Atabəylər dövlətinin himayəsində olan Yıvalar Atabəy Şəmsəddin Eldənizin daim qayğısını hiss etmişlər. Hətta Eldəniz onları xarici işğalçılardan müdafi etmək üçün xəlifəyə yaxın ordu qüvvələri ilə döyüşdən də çəkinməmişdir. Görünür, elə həmin vaxtlardan İrəvan çuxurunda Yıva türk tayfaları məskunlaşmışlar.
İndi Türkiyə ərazisində də Yıva tayfası geniş yayılmışdır. Faruq Sümər XVI yüzildə Anadoluda Yıva adlı 19 kənd qeydə almışdır.
XVI yüzildə Şimali Azərbaycanın Zəyəm nahiyəsində Yuvalı-Fəxralı elinin yaşaması barədə məluamat var. XVIII yüzildə İrəvan əyalətinin Karbi nahiyəsində də Yuva adlı kənd mövcud olmuşdur.
İ.Şopen qeydiyyatında (1832) Gərnibasar mahalının Yuva kəndində 5 təsərrüfatda 33 nəfər (18 kişi, 15 qadın) Azərbaycan türkü, 51 təsərrüfatda 220 nəfər (123 kişi, 97 qadın) İrandan köçürülüb gətirilmiş erməni qeydə alınmışdır.
1873-cü ilin statistikasında kənd əhalisi xeyli artaraq 29 təsərrüfatda 186 nəfər (99 kişi, 87 qadın) Azərbaycan türkü, 179 təsərrüfatda 1.215 nəfər (642 kişi, 573 qadın) erməni qeydə alınmışdır. Kənddə gəlmə ermənilərin sayı artıqca yerli azərbaycanlıların sayı azalmış, gəlmələr yerliləri sıxışdırıb kənddən çıxarmışlar. Ona görə də kənddə 1905-ci ildə cəmi 12 nəfər azərbaycanlı qalmışdır. Şübhəsiz ki, azərbaycanlıların bu etnik təmizlənməsində 1905-ci il soyqırımının da böyük rolu olmuşdur. 1918-ci ildə Azərbaycanlıların növbəti soyqırımı zamanı isə kəndin bütün türk-müsəlman əhalisi qovulub kənddən çıxarılmış, kənd xüsusilə Vedibasar mahalına dönə-dönə hücum edən erməni-daşnak birləşmələrinin hərbi dayaq nöqtəsi olmuşdur. Həmin toqquşmalar zamanı kənd dəfələrlə güllə-mərmi yağışı altında qalmış, dağıdılmışdır.
1950-ci il aprelin 19-da kəndin Yuva adı dəyişdirilərək erməni daşnak başkəsəni Şaumyanın adına Şaumyan qoyulmuşdur.
Tahirə AĞAMİRZƏ