C.Abdullayev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə olduqca böyük bərpa olunan enerji mənbələri potensialı mövcuddur. Təxminən bu potensial 10 geqavat civarında dəyərləndirilir ki, bunun 7 min meqavatı günəş potensialı, 2000-dən artığı külək potensialı, təxminən, 500 meqavat civarında isə bizim hidro potensialımız həmin ərazilərdə var. Bununla yanaşı, xüsusi qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə diatermal enerji potensialı və bioenerji potensialı da mövcuddur və onların da istifadəsi Dövlər Proqramı tərəfindən qarşımızda qoyulmuş məqsədlərdən biridir. Bizim günəş potensialımız işğaldan azad olunmuş ərazilərdə, əsasən Zəngilan və Cəbrayıl rayonları ərazisində, külək enerji potensialımız isə Laçın və Kəlbəcər rayonları ərazisində toplanmışdır.
Müxtəlif yaşıl texnologiyaların istifadəsi, damüstü panellər, istilik nasosları və digər bu qəbildən olan texnologiyaların, bina və qurğularda xüsusi texnologiyaların tətbiqi, küçə işıqlandırılmasından başlamış xüsusi elektrik nəqliyyat vasitələrinin, elektrik doldurma stansiyalarının qurulmasına təşviq olunmasına qədər məsələlər burada öz əksini tapıb. Ayrı bir istiqamətimiz də həmin Dövlət Proqramında nəzərdə tutulmuş dövlət özəl tərəfdaşlığı və ümumiyyətlə, milli kontent vasitəsi ilə həmin tədbirlərin həyata keçirilməsidir ki, həmin ərazilərdə artıq azad, iqtisadi zonalar yaradılır və o iqtisadi zonalarda bu istehsal prosesləri təşfiq ediləcəkdir.
Ağalı kəndində ilk istifadəyə verilmiş enerji təminatıyla bağlı ciddi işlər görülür və orda bərpaolunan enerji mənbələrindən istifadə sahəsində çox maraqlı həll var, “arximed qurğusu” deyilən bir qurğu istismara verilib ki, elektrik enerjisinin böyük hissəsi həmin qurğu vasitəsilə generasiaya olunur və təbii ki, müəyyən innovativ bərpaolunan enerji, yaşıl texnologiyalara əsasən həmin həllər də həmin ərazilərdə var. Dövlər Proqramında iki böyük sənaye miqyaslı bərpaolunan enerji mənbələri layihəsinin adı çəkilir. Onun biri hal-hazırda bizim BP şirkəti ilə dəyərləndirməsini apardığımız Cəbrayıl rayonu ərazisində 240 meqavatlıq günəş elektrik stansiyasıdır, digər böyük bir 400 meqavata qədər layihə də nəzərdə tuturuq. Bu da Kəlbəcər və Laçın ərazilərində külək elektrik stansiyasıdır. Onu da qeyd edək ki, investorların bu işə marağı çox böyükdür.
İşğal edilmiş ərazilərdəki bərpaolunan enerji potensialı ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələri potensialının 25 faizinə bərabərdir. Energetika Nazirliyinin araşdırmalarına görə Azərbaycanda bu potensial 27 min meqavata bərabərdir. Bunun 3000 meqavatı külək enerjisi, 23 min meqavatı günəş enerjisi, 520 meqavatı dağ çaylarının hidropotensialıdır, 380 meqavat isə bioenerji üzrə potensialıdır.
Göründüyü kimi, ölkə üzrə külək enerjisinin böyük hissəsi və dağ çaylarının hidropotensialı üzrə əsas güc azad edilmiş ərazilərin payına düşür. Böyük Qayıdış üzrə təsdiq edilmiş Dövlət Proqramından da göründüyü kimi Azərbaycan bu potensialdan geniş istifadə edəcək.
Cavid Abdullayevin sözlərindən aydın olur ki, artıq bu istiqamətdə həm yerli investorlarla, həm də iri transverlli şirkətlərlə və xarici investorlarla birgə layihələr həyata keçirilir.
Regiondakı külək potensialının istifadəsi üzrə də ilk addımlar atılır. Artıq Laçın rayonun ərazisindsə 186 meqavatlıq 31 turbinin yeri demək olar ki, razılaşdırılıb. Bütün bunlar deməyə əsas verir ki, azad edilmiş ərazilərdə bərpaolunan erneji növlərinin tətbiqi üzrə innovativ layihələr həyata keçiriləcək və qazanılan təcrübə bütün Azərbaycanda tətbiq ediləcək. Bu isə bütün ölkə üzrə karbohidrogen yanacaqlarının istifadəsini azaldacaq və bu bütövlükdə yer kürəsində ekologi vəziyyətin yaxşılaşmasına dəstək olacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ