09.10.2025, 15:36
AZ EN
09.10.2025, 09:00 305

Bu gün şəhid Qəşəm İbrahimlinin anım günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Qəşəm Süleyman oğlu İbrahimlinin anım günüdür. O, 20 dekabr 1995-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olub. 2001-2012-ci illərdə Ağdam rayon Xındırıstan kənd tam orta məktəbində təhsil alıb.

Qəşəm İbrahimli 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. 2014-cü ildə hərbi xidmətdən təxris olunub.

Azərbaycan Ordusunun əsgəri olan Qəşəm İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı kimi iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Qəşəm İbrahimli 9 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Qəşəm İbrahimli ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

 

Oxşar xəbərlər