09.10.2025, 12:15
AZ EN
09.10.2025, 10:05 133

Şəhid Ülvi Mikayılovun xatirəsi yad edilib

XƏBƏRLƏR
  • “Dəmir Yumruq” Vətən Muharibəsi Veteranlarına Dəstək İctimai Birliyində şəhid Ülvi Bəhruz oğlu Mikayılovun xatirəsi yad edilib.

Əslən Füzuli rayonunun Kürdmahmudlu kəndindən olan Ülvi Mikayılov 2004-cü il avqustun 20-də ailəsinin məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Bakı şəhərinin Binəqədi rayonunda anadan olmuşdu.  Füzuli rayonunun burada yerləşən 48 nömrəli tam orta ümumtəhsil məktəbində oxumuş, sonra hərbi xidmətə yollanmışdı.

2023-cü ilin 19-20 sentyabrında rəşadətli Ordumuzun Qarabağda apardığı lokal antiterror tədbirlərinə Ülvinin xidmət etdiyi hərbi hissə də cəlb olundu. Qorxmaz, cəsur və vətənpərvər gənc öz əsgər yoldaşları ilə birlikdə Ağdərə istiqamətində erməni quldur dəstələrinə qarşı döyüşdə iştirak edirdi.  Qısa müddət ərzində düşmən tamamilə məhv edilsə də, qəhrəman əsgər və zabitlərimiz arasında da itkilər oldu. Mənfur terrorçuların gülləsinə tuş gələnlərdən biri də qəhrəmancasına vuruşan əsgər Ülvi Mikayılov idi... Ailənin yeganə oğul övladı olan 19 yaşlı şəhid özünün vəsiyyətinə görə doğma Kürdmahmudlu kəndinin qəbiristanlığında dəfn olundu.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu  kimi Ülvi Bəhruz oğlu Mikayılov, Prezident İlham Əliyevin sərəncamına əsasən, "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib...

Bu barədə anım tədbirində dərin ehtiram hissi ilə danışılıb. Tədbirdə “Dəmir Yumruq” İctimai Birliyinin sədri Əbil Zeynalov, şəhidin atası  Bəhruz Mikayılov və yaxınları istirak ediblər. Böyük qürur hissi ilə qeyd olunub ki, məhz Ülvi kimi qəhrəman oğullarımız torpaqlarımızı düşmən tapdağından azad edərək, 30 ilə yaxın didərginlik həyatı yaşamış həmvətənlərimizin öz ata-baba yurdlarına geri qayıdışına təminat yaradıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Oxşar xəbərlər