"Vətən səsi" xəbər verir ki, "Caucasian Review" mərkəzinin "Telegram" kanalında yayılan məlumatda belə deyilir. Fevralın 28-dən başlayan müharibənin Ermənistana mümkün təsirlərindən bəhs edən məqalədə qeyd olunur ki, İrana bir neçə həftə davam edə biləcək hücumlar Tehranı danışıqları davam etdirməyə, yaxud təslim olmağa məcbur edə bilər.
"Caucasian Review"in ekspert qrupu ABŞ-İsrail-İran müharibəsinin uzanmasının və atəş zərbələrinin region ölkələrinə yayılmasının heç də gözlənilən olmadığını qeyd edirlər. Hadisələrin bu cür cərəyan etməsi İranın özü üçün daha ağır nəticələr vəd edir. Məqalədə müharibənin nəticəsi olaraq, İranın üç mümkün varinatdan biri ilə razılaşmaq zorunda qalacağı deyilir: 1) Dini-siyasi rejimin "Yuqoslaviya ssenarisi"nə görə dəyişməsi; 2) "Liviya ssenarisi" üzrə İran ərazisində uzunmüddətli etnik-siyasi münaqişə yaranması; 3) "Suriya ssenarisi" üzrə İran parçalanma riski ilə üzləşməsi.
Məqalədə o da vurğulanır ki, bütün varinatlarda İranla mehriban qonşu və strateji tərəfdaş olan Ermənistan üçün də ciddi risklərin olacağı qaçılmazdır. Xüsusilə ABŞ və İsrail tərəfindən raket hücumlarının daha geniş coğrafiyaya yayılması, quru qoşunların İran ərazisinə daxil olma riski qaçqın axınını sürətləndirə bilər ki, onların da üz tutacağı əsas ölkələrdən biri məhz Ermənistandır.
"Müharibənin genişmiyaslı xarakter alması qaçqın axınının yaşanması ilə müşayiət olunacaq. Bu halda İrandan Ermənistana çoxlu sayda qaçqın axını olacaq, eyni axın Azərbaycana da ola bilər. Həmin ssenaridə İran azərbaycanlılarının Sünik (Zəngəzur) bölgəsinə qayıdışı baş verə bilər. Azərbaycanlılar kütləvi şəkildə Sünikə keçəcəksə, Azərbaycan və Türkiyə burada hərbi təhlükəsizlik zonası yaratmaq istiqamətində addımlar atacağı istisna deyil", - deyə məqalədə bildirilir.
Elxan SALAHOV