09.10.2025, 16:52
AZ EN
09.10.2025, 13:02 252

Qarabağın daha 11 kəndində evlərin bərpasına başlanır

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad olunmuş Qarabağda daha 490 fərdi yaşayış evinin yenidən qurulması üçün hazırlıqlara başlanıb. Söhbət Ağdərə və Xocalı rayonlarının 11 kəndində həyata keçirilən bərpa və yenidənqurma işlərindən gedir. 

"Vətən səsi" xəbər verir ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” bununla bağlı növbəti tenderin nəticələrini açıqlayıb. Bildirilir ki, adı çəkilən publik hüquqi şəxsin ötən ay elan etdiyi iki tenderinə yekun vurulub. Belə ki, “Promor” MMC Ağdərə rayonu Çıldıran və Vəngli kəndlərində 94, Xocalı rayonunun Mehdibəyli, Pirlər və Daşbulaq kəndlərində isə 155 fərdi yaşayış evinin cari təmirinin layihələndirilməsi işlərini həyata keçirəcək. Tenderin nəticələrinə uyğun olaraq, sifarişçi qurumla “Promor” MMC arasında ümumi dəyəri 240 min 425 manat olan müqavilə imzalanıb.

İkinci tenderin qalibi isə  “Monotech AZ” MMC seçilib. Həmin şirkət Ağdərə rayonunun Aşağı Oratağ və Heyvalı kəndlərində 90, Xocalı rayonunun Badara, Xanabad, Seyidbəyli və Daşbulaq kəndlərində isə 151 fərdi yaşayış evinin cari təmirinin layihələndirilməsini yerinə yetirəcək. Artıq icrasına başlanmış layihə üzrə imzalanan müqavilənin ümumi dəyəri 208 min 447 manat təşkil edir.

Beləliklə, həmin 11 kənddə evlərin təmiri başa çatdıqdan sonra Ağdərə və Xocalıdan olan daha 490 ailə doğma yurd-yuvasına qayıdacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər