Belə ki, Füzuli rayonunda ötən ildən başlanan ilk çoxmənzilli yaşayış məhəlləsinin inşası hazırda sürətlə davam etdirilir. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən rayonda inşa edilən yaşayış məhəlləsi 8,9 hektar ərazini əhatə edir. Ərazidə 846 mənzildən ibarət 38 bina inşa olunacaq. Binalar 4, 5, 6 və 7 mərtəbəli olacaq. Mənzillərin 318-i ikiotaqlı, 430-u üçotaqlı, 98-i isə dördotaqlıdır. Bütün binalar yeraltı dayanacaqla və liftlə təmin olunacaq. Yaşayış məhəlləsində hər biri 950 kubmetr olan 2 su anbarının, qazanxananın, elektrik yarımstansiyasının da tikintisi nəzərdə tutulub. Binalar mərkəzləşmiş istilik sistemi ilə təchiz ediləcək. Bu gün rayonda 24 binada tikinti işləri aparılır və bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Sevindirici haldır ki, rayonda yeni yaşayış məntəqələrinin inşasında Füzulidən olan sakinlər də iştirak edirlər. Onlardan biri Vüqar Hüseynovdur. O, deyir ki, Füzulidən ayrılanda onun cəmi 14 yaşı vardı. Onların evi indi çalışdığı məntəqəyə yaxın ərazidədir. V.Hüseynov özünü xoşbəxt hiss edir ki, doğma yurd yerlərində quruculuq işlərində o da iştirak edir.
Yeni məhəllədə istirahət, ticarət, ictimai iaşə, mədəniyyət, məişət və kommunal xidmətlər üçün tikililər də inşa ediləcək, yaşıllıqlar salınacaq və fəvvarələr quraşdırılacaq. Velosiped yollarının çəkiləcəyi də nəzərdə tutulub. Binaların 1-ci mərtəbələri qeyri-yaşayış obyektləri üçün istifadə ediləcək.
Onu da əlavə edək ki, növbəti mərhələdə burada fərdi yaşayış evləri də tikiləcək və yeni infrastrukturun qurulması davam etdiriləcək.
Artıq beynəlxalq aeroportu olan şəhərin şimal hissəsindən avtomobil və dəmiryolları da çəkiləcək. Rayonda meşə salınması üçün yer də ayrılıb. İlk məhəllənin inşası bu ilin sonunda başa çatdırılacaq.
Hazırladı: Mina RƏŞİD