22.11.2024, 08:59
AZ EN
12.05.2023, 11:10 929

Hacı Ələkbər bəy və onun xeyirxah əməlləri

QARABAĞ
  • Qarabağ tarixində özünəməxsus önəmli yer tutan Məlik-Aslanovlar nəslinin varislərindən olan Rəyanə xanım “Vətən səsi”nin daimi oxucularındandır, redaksiyamız ilə müntəzəm əlaqə saxlayır. Bu günlərdə electron poçtumuza göndərdiyi məktubda o bizə ulu babası Hacı Ələkbər bəy haqqında məlumat və fotoşəkillər göndərib.

Rəyanə xanım yazır:Hacı Ələkbər bəy Atakişi bəy oğlu Nəsirbəyоv 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Dədəli оbasında dоğulub. İlk təhsilini mоlla yanında alıb, sоnra məktəbdə оxuyub. Tiflis (indiki Tbilisi) şəhərində Nəcib Uşaqlar üçün Gimnaziyanı fərqlənmə diplomu ilə bitirib.

Sonralar Bakı qəzasında dövlət idarələrində məmur işləyib və “quberniya katibi” mülki çini alıb. Bir müddət Bakının ikinci sahəsinin pristavı vəzifəsində çalışıb. Həmin ərazidə asayişi qoruduğuna və cinayətkarlığı praktiki olaraq aradan qaldırdığına görə, hətta Bakı kəndlərində Ələkbər bəy haqqinda meyxanalar da düzüb-qoşublar.

O illərdə yayılmış bəzi məlumatlara əsasən, Rusiya çarı Böyük knyaz Mixail Aleksandroviç Romanov Bakıya səfər edərkən onun ailə üzvlərindən birinə sui-qəsd cəhdi olur. Bu zaman mühafizənin təşkilində iştirak edən Ələkbər bəy ağciyərindən yaralanır, amma sui-qəsdin qarşısını alır. O, göstərdiyi cəsarətə görə qiymətli metallardan hazırlanmış saatla mükafatlandırılır. Həmin hadisədə aldığı yara isə ölənə qədər daim özünü xatırladır.

Dövlət qulluqçusu olmaqla yanaşı, müqəddəs Məkkəyi-mükərrəmi də ziyarət edən Hacı Ələkbər bəy o dövrün görkəmli azərbaycanlı xeyriyyəçiləri sırasında da özünəməxsus yer tutub. O, Qarabağda və Zangəzurda quruculuq və xeyriyyəçiliklə məşğul olub. Qaryagin kəndində (indiki Füzuli şəhəri) dəyirman və klub tikdirib, kəhriz vurdurub. O həmçinin Kapan (indiki Qafan) mis mədənlərinin sahibkarlarından da biri olub.

Hacı Ələkbər bəyin ən böyük layihəsi Qaryagin kəndindəki məscidin inşası olub. O, məscidin tikintisinə çəxsi büdcəsindən vəsait ayırıb, bu işi memar Kərbalayı Səfixana və Şuşadan dəvət olunan ustalara həvalə edib.  Buradakı daş kitabədə məscidin tikilmə tarixi– hicri tarixi ilə 1307-ci il göstərilirdi. Bu tarixi miladi təqviminə çevirəndə 1889–1890-cı illərə uyğun gəlir. O vaxtdan həmin dini ocaq Hacı Ələkbər Məscidi adlandırılıb.  

Vəfatından az əvvəl Hacı Ələkbər bəy məscidin girişində pilləkənlərin altında dəfn olunmasını vəsiyyət etsə də,  yerli camaat xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq onu öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən birincisinin qənşərində dəfn edib.Təəssüf ki, işğal zamanı məscid tamamilə dağıdılıb.

Hacı Ələkbər bəy Mina xanım Məşədi Əkbər bəy qızı Zöhrabbəyova ilə ailə qurub və bu nikahdan onların dörd övladı dünyaya gəlib - oğluları Behbud bəy, qızları Sona xanım, Tovuz xanım, Mələk xanım.

Behbud bəy ibtidai təhsilini molla yanında alıb, sonra isə Bakı gimnaziyasına daxil olub. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.

Gəncliyində naməlum səbəbdən itkin düşürək tapılmayıb.

Böyük qızı Sona xanım Mir Mehdi Xəzaninin nəvəsi Məhəmməd bəy Məlik-Aslanovla ailə qurub. Ortancıl qızı Tovuz xanım Qarabağ xanının vəzirinin nəvəsi Həşim bəy Vəzirovun oğlu Mustafa bəylə evli idi. Mələk xanım isə Qarabağın tanınmış ailələrindən olan Cuvarlinski nəslinin nümayəndəsi Cavad bəyin həyat yoldaşı olub. Hacı Ələkbər bəyin ailəsi Bakıda yaşayarkən qızları böyük şairimiz Abdulla Şaiqdən dərs alıblar.

Hacı Ələkbər bəy o dövrün Azərbaycan elitasının bir çox tanınmış nümayəndələri ilə yaxşı münasibətdə idi. Bu siyahıda Hacı Zeynalabdin Tağıyevin xüsusi yer tutduğunu əminliklə söyləmək olar. Onlar bir-birlərinə böyük hörmətlə yanaşırdılar. XX əsrin əvvəllərində məhz

Tağıyevin təşəbbüsü ilə və vəsaiti hesabına Quranın Azərbaycan dilinə tərcüməsi nəşr olunur. Azərbaycan dilinə tərcümə və çap olunmuş Qurani-Kərimin bir nüsxəsini Hacı Zeynalabdin Hacı Ələkbər bəyə hədiyyə olaraq təqdim edir. Həmin Quranı indiyənədək ailəmizdə qoruyub saxlayırıq”.

Rəyanə xanım qeydlərini bu sözlərlə yekunlaşdırır: “Bu gün dogma Qarabağımız erməni işğaldan azddır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tamamilə dağıdılmış şəhər və kəndlərimizin bərpasına böyük diqqət yetirir. Əminəm ki, yaxın müddət ərzində biz yenidən salınan Füzuli şəhərində Hacı Ələkbər Məscidin də bərpa edilməsinin şahidi olacağıq”.

Fotoşəkillərdə:

1. Hacı Ələkbər bəy Nəsirbəyоv – Bakı.

2. Hacı Ələkbər Məscidi -  Füzuli, işğaldan əvvəl/işğaldan sonra.

3. Hacı Ələkbər bəyin ailəsi - Şuşa, soldan sağa: Sona xanım, Mustafa bəy Zöhrabbəyov (Mina xanımın qardaşı), Mina xanım Zöhrabbəyova, Tovuz xanım, yerdə əyləşən Mələk xanım

4. Hacı Zeynalabdin Tağıyevin Hacı Ələkbər bəyə hədiyyə etdiyi Azərbaycan dilində Quran.

 

Bunu da oxuyun:

Rəyanə Məlik-Aslanova: "Ulu babamın evinin qarşısındakı bulaqdan keçmişdəki kimi su axırdı..."

https://vetensesi.az/page/18/news/5816

Oxşar xəbərlər

SON XƏBƏRLƏR