Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov bildirib.
Politoloq xatırladıb ki, 2020-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrləri dəvət olunmadan Bakıda “peyda” oldular və Azərbaycan Prezidenti İlham Əliyev onları qəbul edərkən demişdi: “Mən Minsk qrupunu səfər etməyə dəvət etməmişdim. Amma mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, mən dedim: qoy gəlsinlər, mən etiraz etmirəm. Bəlkə mənə deyəcəkləri nəsə var”.
“Məlum oldu ki, onların deyəcək heç nəyi də yox imiş. Bundan sonra həmsədrlər üçlüyünü yenidən diriltmək üçün müəyyən cəhdlər edildi, lakin sonradan başlayan Rusiya–Ukrayna müharibəsinə görə birgə səylərlə nizamlanma prosesinə qoşulmaq artıq mümkün olmadı”, – deyə deputat vurğulayıb.
Agentliyin müsahibi qeyd edib ki, Rusiya müəyyən müddət bu vasitəçilik missiyasını təkbaşına icra etməyə çalışdı, sonra isə o vaxtkı Avropa Şurasının Prezidenti Şarl Mişelin timsalında Avropa İttifaqı belə bir təşəbbüs göstərdi. Lakin bütün bu cəhdlər nəticəsiz qaldı və tərəflər münasibətlərin tənzimlənməsi prosesini ikitərəfli formatda davam etdirdilər.
“Sonradan ABŞ-ın, ABŞ Prezidentinin dəstəyi əldə olundu – Vaşinqtonda Birgə Bəyannamə imzalandı və sülh müqaviləsinin mətni paraflandı. Görüşün nəticələrinə əsasən Minsk qrupunun buraxılması barədə qərar qəbul olundu və bu da həyata keçirildi”, – deyə R.Musabəyov yekunda söyləyib.(AZERTAC)