19.04.2024, 03:43
AZ EN
08.12.2022, 15:25 975

Rəyanə Məlik-Aslanova: "Ulu babamın evinin qarşısındakı bulaqdan keçmişdəki kimi su axırdı..."

QARABAĞ
  • Azərbaycan xalqının tanınmış soylarından olan, Qarabağ tarixində özünəməxsus önəmli yer tutan  Məlik-Aslanovlar nəslinin varislərindən Rəyanə xanım “Vətən səsi”nə məktubla müraciət edərək, işğaldan azad olunmuş ata-baba yurdu Tuğ kəndinə səfərinin təəssüratlarını bölüşüb, bu kəndlə bağlı bir sıra faktlara aydınlıq gətirib. Həmin məktubu olduğu kimi dərc edirik.

“Bu il iyunun 16-da Xocavənd rayonunun Tuğ kəndini, dədə-baba yurdumu yenidən ziyarət etmək mənə nəsib oldu. Gördüyüm dağıntılardan sonra hələ də özümə gələ bilmirəm. Bir vaxtlar çiçəklənən diyar xarabalığa çevrilib.  

"Sinəsi yaşıllıqla örtülmüş qocaman bir dağ. Onun ətəklərindəki göy çəmənlər bir az yuxarıda sıx meşələrə qovuşur. Bahar gələndə bu çəmənlərdə çiçək çiçəyi çağırır. Kənd adamları tək-tək, dəstə-dəstə buraya çiçək toplamağa gəlirlər". Tuğu təsvir edən bu gözəl sözlər Mir Mehdi Xəzaniyə məxsusdur.    

Tuğdan çoxlu tanınmış şəxsiyyətlər çıxıb. 19-cu əsrin ikinci yarısında açılan kənd məktəbi isə öz yüksək statusuna gör hətta bütövlükdə Rusiya imperiyasında nadir təhsil ocaqlarından idi.  

Təəssüf ki, bəzən yerli kütləvi informasiya vasitələri Xocavənd rayonunun Tuğ kəndində ilk məktəbin yaradılması və yerləşməsi ilə bağlı tarixi həqiqətə uyğun olmayan fikir və müddəalara, təhriflərə yol verirlər. Yaxud da bir vaxtlar bu kənddə baş verənləri səthi bilən və ya heç bir əlaqəsi olmayan insanlar danışırlar.

Hər cür qeyri-dəqiqliyə son qoymaq üçün, kəndin ilk məktəbinin yaradılmasında bilavasitə iştirak edənlərin varisilərindən biri olaraq,  həmin təhsil ocağı və yeri haqqında ölkə ictimaiyyətinə qısa məlumat vermək qərarına gəldim.

Rəsmi sənədlərdə Tuğ kənd orta məktəbinin 1885-ci ildə yaradılması göstərilir. Lakin bir çox mənbələrdə məktəbin 1883-cü ildən fəaliyyət göstərdiyi məlumdur.

İmperator II Aleksandrın fərmanına əsasən, məktəb rus-Avropa tipli məktəb adına layiq görülüb. Məktəbin açılışının birbaşa təşəbbüskarları Mehdi bəy və Sadix bəy Məlik-Aslanov qardaşları olub. Məktəbin yerləşdiyi binaya gəlincə, ilk məktəb Sadix bəyin evində açılıb. Sadıx bəyin evi –bir mərtəbəli uzun ağ bina kəndin aşağı hissəsində yerləşirdi. Vaxtilə binanın girəcəyindəki daş lövhənin üzərində "1883" yazılmışdı. Sovet hakimiyyəti qurulandan bir müddət sonra Sadıx bəyin evini anbara çevrirdilər. Erməni işğalı zamanı ev tamamilə dağıdılıb və yerində alaq otları ilə örtülü sadəcə boş sahə qalıb.

Bir məsələni də qeyd etmək istərdim, Mehdi bəylə Sadix bəy məktəbin Tuğdan və ətraf kəndlərdən olan şagirdlərinə tədris vasitələri və maddi vəsaitlə kömək edirdilər. Sadıx bəy özü həm də dövlət qulluqçusu idi – Laçın-Kapan (indiki Qafan) inzibati ərazisinin pristavı (çar Rusiyasında yerli polis rəisi-VS) vəzifəsində çalışırdı.

Onu da vurğulamaq istərdim ki, mənim ulu babam Aslan bəy Məlik-Aslanovun həyat yoldaşı Asya xanım (ulu nənəm) Mir Mehdi Xəzaninin qızı idi. Aslan bəyin dəvəti ilə Mir Mehdi Xəzani Tuğa köçüb, həmin məktəbdə dərs deyirdi. Ailəmizdə olan hekayələrə görə, Mir Mehdi Xəzani "Kitabi-tarixi-Qarabağ"("Qarabağnamə") əsərini ulu babamın evində yaşayarkən yazıb.

Aslan bəy və Mehdi bəy qardaşların Tuğun zirvəsində yerləşən imarətləri  keçən əsrin 20-ci illərin ortalarında müsadirə olunur və vaxtilə onların qardaşları Sadıx bəyin evində açılan məktəb  həmin binalara köçürülür. Evlərin arasında kiçik bir keçid var, ona görə də bəzən bilgisizlikdən deyirlər ki, ev birdir, iki deyil.

Ulu Öndər Heydər Əliyevin  Azərbaycana rəhbərliyinin birinci dövründə – 1975-1978-ci illərdə birbaşa onun qərarı ilə Tuğ kəndində 640 yerlik iki mərtəbəli müasir tipli məktəb binası tikilib istifadəyə verilmişdi. Qonşu kəndlərdən bu məktəbdə təhsil almağa gələn şagirdlər üçün internatın olması isə o dövr üçün yenilik idi.

Məktəb yeni tikilmiş binaya köçrüldükdən sonra, ulu babamın və qardaşının evlərində müxtəlif dövrlərdə motel, məişət xidməti obyektləri, fotoatelye yerləşirdi.

1991-ci ildə Tuğun işğalından sonra, kənd məktəbi müvəqqəti olaraq Füzulidə, Beyləqanda, Bakıda yerləşib və nəhayət, Beyləqan rayonu ərazisində Yeni Tuğ qəsəbəsi salındıqdan sonra orada fəaliyyətini davam etdirir. Əminəm ki, kənd bərpa olunacaq, məcburi köçkün həmyerlilərim öz evlərinə qayıdacaqlar və məktəb də öz layiqli yerini tutacaq. Bu gün isə, Tuğun əksər əmlakı kimi Aslan bəyin və qardaşı Mehdi bəyin evləri də, demək olar ki, tamamilə dağıdılıb. Viran qalmış kəndi ziyarət edərkən ürək açan yeganə məqam bu oldu ki, ulu babamın evinin qarşısındakı bulaqdan keçmişdəki kimi su axırdı.

İnanıram, Aslan bəy və Mehdi bəy Məlik-Aslanov qardaşların yaşayış evləri dövlət tərəfindən bərpa edilərək  xalqımızın ziyarəti üçün mədəni-maarif mərkəzinə çevriləcək və bu evlərin əsl sahiblərinin adları da orada qeyd olunacaq.

Rəyanə MƏLİK-ASLANOVA"

 

[1] Çar Rusiyasında yerli polis rəisi

Oxşar xəbərlər

SON XƏBƏRLƏR