21.11.2024, 10:40
AZ EN
14.08.2024, 11:03 2364

Şuşa həbsxanasının keçmiş əsirləri illər sonra həmin yerdə...

QARABAĞ
  • Tarix boyu ən qatı cinayətlər törətmiş ermənilərin qeyri-insani əxlaqı, vəhşiliyi xalqımızın yaddaşından illər, əsirlər keçsə də belə unudulmamalıdır. Çünki bu günə qədər heç bir hüquqi cəzasını almamış erməni qatillərinin azərbaycanlılara qarşı törətdiyi vəhşilik bəlkə də digər millətlərin tarixində yaşadılmamışdır...

30 ildən çoxdur erməni qatillərinin bu cinayətlərinə göz yuman, demokratiyadan dəm vuraraq haqqdan, hüquqdan danışan, ABŞ, Fransa, Avropa Birliyi bu gün dayanmadan Ermənistanı silahlandırır. Görünən isə odur ki, erməni  cinayətkarlarının arxasında dayanan elə bu dövlətlərdir...

Dəmir barmaqlıqlar, tikanlı məftillər hər yerindən dəhşətli işgəncələrin sezildiyi qan çilənmiş buz kimi soyuq həbsxana divarları... Keçmiş əsirlər buranı yaxşı xatırlayır və ölənə kimi də unutmayacaqlar bu cəhənnəm otağında yaşadıqlarını. Çünki Şuşa türməsinin hər qarışında onlara yaşadılan dəhşətlərin zamannın belə sağalda bilməyəcəyi izləri var.

“Yaşadığımız acıları, ağrıları illər belə unutdurmadı”, - deyir keçmiş əsirlər. Saxlanıldıqları bu qaranlıq, vahimə dolu hücrəyə daxil olar-olmaz həmin o dəhşətli günlər yenidən canlanır gözləri önündə.

Ələddin İsmayılov, keçmiş əsir:

-Girirdilər içəri. Qapıdan girən kimi, qışın soyuğunda ayaqüstə addımlamalıydıq. Gəlirdilər ki, qablarınızı verin yemək verəcəyik, amma  qabları qoyurdular başımıza çıxırdılar stolların üstünə. Başımıza dubinka ilə döyə-döyə, təbii ki, əksəriyyətimiz huşumuzu itirirdik, bir-birimizə söykənib dayanırdıq, dayana bilməyən yıxılırdı stolun altına.

Gündüz ən ağır işlərin görülməsinə vadar edilən əsirlər axşamlar erməni nəzarətçiləri tərəfindən dəmir parçaları, naqillərlə döyülərək tanınmaz hala salınırdı. Hətta ayrı-ayrı işgəncəni icra etmək üçün xüsusi nəzarətçilər də təyin olunmuşdu.

İdris Mirzəyev, keçmiş əsir:

-Bu kabelin için çıxarırdılar. Kamboyun biri gəlirdi, onlar da bilirdilər ki, hansı kamboy onu etməlidir. Çıxırdıq sıraya düzülürdük, tək köynəklə qışın şaxtalı günündə bu kabellə kürəyimizin ortasından vururdu. Sonra köynəyimizi çıxarıb baxırdı ki, görsün rəngi qalıb, ya yox. Rəngi qalmayıbsa təkrar vururdu ki, o rəng qalmalıdır, kabelin yeri şişməlidir.

Bəşir Qarayev, keçmiş əsir:

-Barmaqlarımı sındırırdılar. Baxın, bu açar salınan yerə, böyük açarlar idi, bu açarlarla başımıza döyürdülər, o qədər işgəncə verirdilər ki, bizə. Amma yenə ürəkləri soymurdu, su gətirirdilər üstümüzə töküb bizi salırdılar kameraya.

Keçmiş əsirlər danışır ki, divarlarda qopmuş suvaqlar da onların məruz qaldıqları işgəncələrin izləridi. Belə ki,  hər dəfə əsirlər cərgəyə düzüləndə onların başını divara çırpmaqla işgəncə verirdilər. Fiziki cəhətdən uca boy olan azərbaycanlı əsirlər daha çox işgəncələrə məruz qalıb. Erməni nəzarətçilər əliyalın əsirlərdən belə çəkindikləri üçün onları karsa, yəni ən şiddətli işgəncə otağına salaraq gücdən düşənə qədər günlərlə orda saxlayırdılar.

Şuşa türməsinin ən vahiməli yerlərindən biri kars adlanan gördüyünüz kiçik bir otaqdır. Burda azərbaycanlı əsirlərə uzun illər olmazın işgəncələr verilib və su ilə doldurulan bu otaqda əsirlər donmamaq üçün hərəkət etməli idilər. Əks halda isə onların burda cansız  bədəni çıxarılırdı.

Namiq Qarayev, keçmiş əsir:

-Məni gətirdilər bura saldılar. Bir nəfər də ermənilərin ən ağır fərarisi cəza çəkmiş biri, bilmirəm hərbçiydi, kimdiydi. Onunla məni gətirib bura saldılar. İnanın ki, burda yalvarırdı ki, ölürəm. Divardan tuturduq, taxta kimi çıxırdıq elə bil ki. Amma bütün bu işgəncələrə baxmayaraq, Allah bizi saxlayırdı.

Erməni vəhşiliyinin şahidi olan keçmiş əsirlər bu gün də öz vücudlarında həmin işgəncələrin izlərini daşıyırlar. Amma bu zülümlərə dözməyib dünyasını dəyişənlər də aza olmayıb. Ötən il Şuşa trməsinin həyətində tapılmış kütləvi məzarlıqda elə həmin şəxslərin meyidlərinin qalıqları aşkar edilib. Bu cür cinayətləri törədənlərin mühakimə olunması isə hər bir keçmiş əsirin ən böyük istəyidir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər