12.02.2026, 17:02
AZ EN
12.02.2026, 15:23 103

Ağdam Çörək Muzeyi: unikal mədəniyyət incisi

QARABAĞ
  • Ağdamın unikal mədəniyyət abidəsi olan Çörək muzeyi dünyada ikinci, MDB-də  birinci və yeganədi. Muzeyin yaradılması ideyası 1983-cü ildə Almaniyanın Ulm  şəhərindəki analoji abidə haqqında "İzvestiya" qəzetində dərc olunmuş məqalədən sonra rayon partiya komitəsinin birinci katibi olmuş Sadıq Murtuzayevə aiddir. Bərpa işləri yerli mütəxəssislər tərəfindən icra olunub, habelə dəyirman binasının fasadında daş mozaika yaradılıb. Həmin mozaikanın da ideya müəllifi Sadıq Murtuzayevdir. Mozaika əslən Ağdam rayonundan olan rəssam-dizayner Zakir Rüstəmov tərəfindən hazırlanıb. Panno xüsusi rəngli daşlardan istifadə edərək yığılıb.

Xatırladaq ki, Çörək Muzeyinə XIX sonlarında inşa edilmiş dəyirman da daxildir. Həmin dəyirman o dövrdə Ağdamda nüfuzlu nəsillərdən birinin nümayəndəsi kimi tanınan Məhəmməd Qarayev tərəfindən tikilib. Kompleksə karvansara da daxil idi.

Ağdam Çörək Muzeyi 1983-cü il noyabrın 25-də ilk ziyarətçilərini qəbul edib. Yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunan muzeydə 2800-dək eksponat olub.

Muzey üç əsas bölmədən ibarət idi.  Birinci zalda gün ərzində 8-10 ton buğda üyüdə bilən dəyirman yerləşib. Mexaniki üsulla işləyən dəyirmanda 1930-cu illərdə istifadə edilən "Triyer" təmizləyici qurğu da olub. İkinci zalda əmək alətləri - xıs, vəl, çin, oraq, II əsrə aid olan kirkirə (əl dəyirmanı), "çarçar" adlı taxıldöyən nümayiş olunub. Burada həmçinin qədim küp və mətbəx əşyaları, habelə un məmulatları, o cümlədən Gəncə, Naxçıvan, Qarabağ, Gürcüstan, Dərbənd, İrəvan, Səmərqənddə bişirilən çörək növlərinin nümunələri sərgilənib. Üçüncü zalda isə müxtəlif taxıl növləri, buğdadan hazırlanmış eksponatlar, müharibə dövründə uşaqlara verilən çörək talonları, eləcə də, buğda dənələrindən düzəldilmiş Azərbaycan xəritəsi nümayiş olunub.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşüb. Birinci mərmi partlamasa da, ikincisi muzeyi tamamilə məhv edib. 1992-ci il avqustun 12-də baş verən hadisə zamanı dinc əhali yanğını söndürməyə çalışsa da, bu, mümkün olmayıb. Nəticədə muzeydə olan eksponatlardan 1500-ə qədəri yanaraq məhv olub. Qırx dörd günlük Vətən müharibəsinin sonuncu günündə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış Üçtərəfli Bəyanata uyğun olaraq, işğalçı ordu 2020-ci il noyabrın 20-də Ağdamdan çıxarılaraq həmin ərazilər əzəli sahiblərinə qaytarılıb. Hazırda bərpa və tikinti-quruculuq işlərinin sürətlə davam etdiyi Ağdam şəhərində yenidən qurulacaq maddi mədəniyyət nümunələri arasında Çörək Muzeyi də var.

Röya SALMANQIZI

Oxşar xəbərlər