“Məqsədimiz media nümayəndələrini hazırda ərazidə xidmət edən hərbi qulluqçularla görüşdürmək, onların Vətən müharibəsi dövründə döyüş əməliyyatlarının gedişi barədə təəssüratları ilə tanış etməkdir. Eyni zamanda, kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Ordusunun Ağdam rayonunda təşkil etdiyi qoşun xidməti, döyüş növbətçiliyi və hazırlığı fəaliyyətləri ilə tanış olmasına şərait yaratmaqdır. İndi Ağdam rayonu ərazisində yüksəkliklərin birindəyik. Vətən müharibəsinə qədər həmin yüksəklikdə Ermənistan silahlı qüvvələrinin hava hücumundan müdafiə vasitələrinin sistemini ehtiva edən elementlərdən biri yerləşdirilmişdi. Bu da Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun dəqiq atəş zərbələri ilə məhv edilərək yararsız vəziyyətə gətirildi”.
Qırx dörd günlük Vətən müharibəsi nəticəsində xalqımızın 30 illik doğma yurd həsrətinə son qoyulduğunu və tarixi ədalətin bərpa olunduğunu bildirən Azərbaycan Ordusunun giziri Əlizamin Həsənov Ağdam rayonu ərazisində xidmət etdiyi və döyüş tapşırığını yerinə yetirdiyi üçün fəxarət hissi keçirdiyini vurğulayıb. O, söhbətinə belə davam edib: “Dayandığımız ərazi düşmənin müdafiə sütunu olub. Bura müxtəlif artilleriya qurğuları, minaatan, top atışları nəticəsində düşmənin zərərsizləşdirilmiş atəş mövqelərindən biridir. Vətən müharibəsi dövründə Ağdam istiqamətində müdafiə sistemində düşmənin diqqətini yayındırmaq, onların texnikalarını buraya cəmləşdirmək məqsədilə aldadıcı manevr etdik və digər cinahlardan Ordumuzun irəliləməsi üçün strateji üstünlük qazandırdıq. Müdafiədə döyüşmək hücumda döyüşmək kimi çətindir. Ağır döyüşlərdən sonra şəhidlərimiz, yaralılarımız oldu. Lakin biz arzusunda olduğumuz Zəfərə qovuşduq. Ağdamın düşmən tapdağından xilas edilməsinin ikinci ili tamam olur və biz burada xidmət etməkdən şadıq”.
Sonra media nümayəndələri postlarda yaradılan şərait, hərbi qulluqçularımızın döyüş növbətçiliyi ilə tanış olmaq, Vətənə sədaqətlə xidmət edən hərbçilərlə həmsöhbət olmaq imkanı əldə etdilər. Ərazidəki gördüyümüz mənzərə biz jurnalistləri məmnun etdi. Postda dayanan hərbi qulluqçularımızın Vətənə daha layiqli xidmət etməsi, ayıq-sayıqlığı itirməməsi üçün hər cür şərait yaradıldığının şahid olduq. Qarşı tərəflə yaxın məsafədə xidmət edən hərbi qulluqçularımızın məğrurluğu və qorxmazlığı gözlərindən oxunurdu. Onlara yaxınlaşıb söhbət etdik, qalib ordunun hərbi qulluqçuları kimi təəssüratlarını öyrəndik.
Döyüş növbətçiliyi fəaliyyətini icra edən hərbi qulluqçulardan biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), kiçik çavuş Əmrah Həsənovdur. Vətən müharibəsi dövründə Suqovuşan istiqamətində döyüşən Əmrah hazırda xidmətini Ağdamda davam etdirir: “Üç ildir ki, Azərbaycan Ordusunda xidmət edirəm. Vətən keşiyində dayandığım üçün qürurluyam. Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü, eləcə də Vətənimizi göz bəbəyimiz kimi qorumaq və bu yolda son damla qanımızadək savaşmaq şərəfli borcumuzdur”.
Ağdamdan xoş təəssüratlarla geri qayıtdıq. Bir daha şahid olduq ki, Vətənin müdafiəsi əmin əllərdədir. Azad edilən ərazilərimiz də daxil olmaqla bütün istiqamətlərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib. Azərbaycan Ordusu ölkəmizi istənilən xarici təhdidlərdən qorumağa daim hazır və qadirdir. (AZƏRTAC)