Tarixi mənbələrə əsasən, bu yaşayış məntəqəsinin əsasını XX əsrin əvvəllərində əsasən rusların yaşadığı Lısoqor (Лысогоръ “Keçəl dağ”) kəndinin sakinləri qoyub. 1914-cü ildə kənddə 36 cəmi nəfər yaşayıb. 1972-ci ilədək Lisoqorsk sovxozunun inzibati ərazisinə aid qəsəbənin keçmişdə Nəcəfqulu ağa adlı şəxsin yaylaq yeri olduğu deyilir. Sonradan yaşayış məntəqəsi yaxınlıqdakı mineral tərkibli bulağın adına uyğun olaraq Turşsu adlandırılıb.
Zarıslı çayının sahilində 1700 metr hündürlükdə meşəlik ərazidən çıxan “Turşsu” bulağının suyu faydalı mikroelementlərlə, əsasən karbon, hidrogen-karbonad, maqnezium, natrium, kalsiumla zəngindir. Təxminən 5-10 dərəcə isti temperatura malik suda minerallaşma dərəcəsi hər litrdə 2,4 qramdır. Yerdən qaynayaraq yüksək təzyiqlə çıxan Turşsu ürək-damar, qanazlığı, qaraciyər, öd yolları, öd kisəsi, mədə-bağırsaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi xüsusiyyətlərə malikdi. Həmçinin orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqan xəstəliklərinə qarşı profilaktik təsir göstərir. Turşsuyun möcüzəvi xüsusiyyətlərindən biri də suyun fasilələrlə - təxminən 1 saatdan bir axıb dayanmasıdır.
Şuşa ərazisində suyu minerallarla zəngin olan digər bulaqlar da var. Həmin bulaqlardan karbon turşulu–hidrokarbonatlı–natriumlu “narzan” tipli mineral sular axır. Daha çox mualicəvi xüsusiyyətlərə malik sulardan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də müalicə üçün istifadə olunub.
Şuşa şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən Turşsu da düşmənin əsarətinə düşmüşdü. Qırx dörd günlük Vətən Müharibəsinin nəticələrinə əsasən, qəsəbə müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib. Azərbaycan ordusunun 2023-cü ilin sentyabrın həyata keçirdiyi antiterror tədbirləri zamanı Turşsu qəsəbəsi də düşmən tapdağından xilas edilib. İşğal dövründə ermənilərin talan etdiyi qəsəbədə bütün evlər və ictimai binalar tamamilə dağıdılıb. Bu yaşayış məntəqəsi hazırda Şuşanın ən məşhur istirahət və turizm məkanlarından biri kimi yenidən qurulur.
Röya SALMANQIZI