02.12.2025, 01:47
AZ EN
01.12.2025, 20:50 1

Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq bütün region üçün uzunmüddətli iqtisadi bağın formalaşmasına xidmət edəcək

XƏBƏRLƏR
  • Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq bundan sonra da yalnız iki ölkənin inkişafına deyil, həm də bütün region üçün uzunmüddətli iqtisadi bağın formalaşmasına xidmət edəcək və regionun gələcək onilliklər üzrə inkişaf trayektoriyasını müəyyən edəcək.

Bu fikri “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun rəhbəri Milana Bazarova səsləndirib.

O, xüsusilə investisiya əməkdaşlığına diqqət yetirərək 2023-cü ilin fevralında kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Fondunun yaradılmasının əhəmiyyətini vurğulayıb. Ekspert qeyd edib ki, bu strateji qərar innovativ və emal sənayesi sahələrinin inkişafına yönəlib.

Flaqman layihələr kimi o, aşağıdakı istiqamətləri önə çıxarıb: yüksəkkeyfiyyətli infrastrukturla təmin edilmiş birgə sənaye zonalarının yaradılması; iki ölkə ərazisində əlavə dəyər zəncirlərinin formalaşdırılması üçün istehsalın dərin lokallaşdırılmasının dəstəklənməsi; investorlar üçün sabit tənzimləyici mühitin və şəffaf təminatların yaradılması; təhsil təşəbbüsləri, beynəlxalq məktəblər, IT klasterlər və peşəkar proqramlar vasitəsilə insan kapitalının inkişafı.

Bundan əlavə, M. Bazarova geniş fəaliyyət sahəsinin şaxələndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, investisiyalar təkcə sənayeni deyil, həm də logistikanı, texnologiyaları, aqroemalı əhatə etməlidir ki, bu da risklərin etibarlı şəkildə bölüşdürülməsinə və davamlı artımın təmin olunmasına imkan versin. (AZERTAC)

Oxşar xəbərlər