22.11.2024, 09:48
AZ EN
28.10.2022, 09:11 607

Xalqa bağışlanmış ömürdən anlar: 1977-ci il

XƏBƏRLƏR

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

4 mart. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Respublika Həmkarlar İttifaqının XV qurultayında nitq söyləyib.

14 aprel. Azərbaycan dəmiryol işçilərinin və respublika partiya-təsərrüfat fəallarının birgə yığıncağında çıxış edib.

20 aprel. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

8 iyun. Respublika və vilayət qəzet və jurnallarının, radio və televiziya redaktorlarının zona müşavirəsinin iştirakçıları ilə görüşüb.

10 iyun. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

7 iyul. Azərbaycan SSR Ali Sovetinin 9-cu çağırış 5-ci sessiyasında nitq söyləyib.

14 iyul. Respublika pambıqçılarının zona müşavirəsini keçirib.

29 iyul. Respublikanın üzümçülük rayonlarının rəhbərlərinin zona müşavirəsində çıxış edib.

26 avqust. Sürücü-mexaniklərin bir qrupu ilə görüşüb.

5 sentyabr. Respublikanın pambıqçılıq rayonlarının təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.

7 sentyabr. Respublikanın üzümçülük rayonları rəhbərlərinin respublika müşavirəsində çıxış edib.

29 oktyabr. Əmək veteranları, istehsalat qabaqcılları və novatorlar ilə görüş keçirib.

25 noyabr. Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilməsinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edib.

27 dekabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

X X X

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi həmkarlar ittifaqlarının fəaliyyətində dönüş yaratdı. Əhalinin sosial problemlərinin həllinə diqqət artırıldı, xalqın rifahının yaxşılaşdırılması, vətəndaşların sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində işlərə start verildi.

Heydər Əliyev sosial problemlərin həllində, işçilərin əmək və istirahət hüquqlarının təmin olunmasında həmkarlar ittifaqlarının roluna xüsusi əhəmiyyət verir və onların səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradırdı. Ötən əsrin 70-ci illərində mərkəzi hökumət tərəfindən “Naftalan”, “İstisu” kurortlarının və Xəzərin qərb sahillərinin kurort zonasına çevrilməsinə dair qərar qəbul edilməsinə nail olundu. Respublika rəhbəri “Şuşada kurort kompleksinin tikintisi barədə” qərar qəbul etməklə bu sahənin inkişafına növbəti təkan verdi. Bu qərarların nəticəsi olaraq respublikada sağlamlıq ocaqlarının tikintisi genişləndirildi, əhalinin normal istirahətinə şərait yaradıldı, Azərbaycan turizm diyarı kimi ittifaq miqyasında tanındı.

Respublika iqtisadiyyatının bütün sahələrində olduğu kimi, dəmiryolu nəqliyyatında da əsaslı dəyişikliklər və əsaslı inkişaf başlandı. Azərbaycan dəmiryolunda mühüm obyektlərin böyük əksəriyyəti Heydər Əliyevin təşəbbüsü və ciddi nəzarəti sayəsində ərsəyə gətirildi. 1970-ci illərdə Sumqayıt, Ağstafa, Əli Bayramlı (indiki Şirvan), Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt və Poylu stansiyalarında yeni vağzal binaları tikildi.

1969-1982-ci illərdə kənd təsərrüfatının bir çox sahələrində, xüsusən pambıqçılıqda böyük dönüş yarandı. Qarşıya qoyulmuş hədəfə -1 milyon ton pambıq istehsalına nail olundu.

Kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olan üzümçülükdə də yüksək nəticələr əldə edildi. Bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün kompleks tədbirlər həyata keçirildi, eyni zamanda, yeni üzümlüklər salındı. Görülən kompleks tədbirlər sayəsində on il ərzində üzüm istehsalının həcmi iki dəfə artdı, 1971-ci ildəki 432 min tondan 1980-ci ildə 945 min tona çatdı. Cəlilabad, Şamaxı, Qazax, Tovuz, Xanlar, Şəmkir, Cəbrayıl, Füzuli və digər rayonlarda üzümçülük geniş vüsət aldı.

Ulu Öndər mətbuatın, radio-televiziya işinin gücləndirilməsinə böyük önəm verirdi. 1976-cı il iyunun 8-də respublika və vilayət qəzet və jurnallarının, radio və televiziya redaktorlarının zona müşavirəsinin iştirakçılarını qəbul etməsi, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparması, öz tövsiyələrini verməsi mətbuatımızın qarşısında yeni üfüqlər açdı.

Respublikada radio-televiziya yayım şəbəkəsi sürətlə genişləndi. Ötən əsrin 80-ci illərində bir neçə radio və televiziya proqramının yayımlanması əhalinin 90-95 faizinin yaşadığı məntəqələrini əhatə etdi.

AZƏRTAC

Oxşar xəbərlər

SON XƏBƏRLƏR