Məqalədə Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun uzun müddət Ermənistanla bağlı ərazi mübahisəsinə fokuslansa da, bölgədə sülhün təmin edilməsindən sonra əməkdaşlığın əsas istiqamətinin dəyişdiyi və iqtisadi sahələrin ön plana çıxdığı vurğulanıb. 2023-cü ilin sentyabrında keçirilmiş qısamüddətli antiterror tədbirlərindən sonra Qarabağ məsələsinin faktiki olaraq başa çatdığı bildirilib. Məqalədə etnik ermənilərin böyük hissəsinin regionu tərk etdiyi və artıq iki ölkənin birgə infrastruktur layihələri üzərində işləmək imkanına malik olduğu diqqətə çatdırılıb.
Yazıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ötən həftə Brüsseldə jurnalistlərə müsahibəsində “Biz müharibədə qalib gəldik, gəlin, indi sülhü qazanaq. Biz regionu köklü şəkildə yenidən qururuq və Azərbaycan-Ermənistan sülh gündəliyini möhkəmləndiririk”, - fikri oxucuların diqqətinə təqdim olunub. Hazırda bu istiqamətdə diqqət mərkəzində saxlanılan, Azərbaycan, Ermənistan, İran və Türkiyə sərhədlərinin kəsişməsində yerləşən Zəngəzur dəhlizinin potensial olaraq Çin ilə Avropanı birləşdirəcək nəqliyyat oxu hesab edildiyi xüsusi vurğulanıb. Eyni zamanda, ABŞ-ın layihənin Ermənistana aid hissəsində tərəfdaş qismində çıxış etdiyi və dəhlizin bir seqmentinə Prezident Trampın adının verildiyi qeyd olunub.
Məqalədə, həmçinin Azərbaycanın həm təbii qazın, həm də bərpaolunan elektrik enerjisinin potensial tədarükçüsü kimi öz imkanlarını təqdim etdiyi, ölkədə qızıl yataqlarının olduğu, həmçinin nadir torpaq elementlərinin mövcudluğunun ehtimal edildiyi vurğulanıb.
Xəbərdə Azərbaycanın Qərb tərəfindən sanksiyaya məruz qalan Rusiya və İran arasında yerləşməsinin regiona öz təsirini göstərdiyi də bildirilib. Bu çərçivədə SOCAR-a məxsus enerji obyektlərinə və Azərbaycanın Kiyevdəki səfirliyinin binasına Rusiyanın hava zərbələrinin endirildiyi, eyni zamanda, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun törədildiyi xatırlanıb. Hikmət Hacıyevin Rusiyanın Ukraynada SOCAR-ın obyektlərinə və səfirliyin binasına zərbələrin endirilməsini qəza nəticəsində vurulmuş zərər olduğunu qeyd etdiyi bildirilib. Həmçinin Azərbaycanın Tehrandakı səfirliyinə hücumda məsuliyyət daşıyan şəxslərdən birinin edam edildiyi də xüsusi vurğulanıb.
Eyni zamanda, yazıda 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində 67 sərnişindən 38-nin həlak olmasına da toxunulub. Prezidentinin köməkçisinin bu məsələ barədə şərhində Rusiya Prezidentinin Azərbaycanın narahatlıqlarını cavablandırdığı, hadisə ilə bağlı Rusiya tərəfindən araşdırmanın aparıldığı və cinayəti törədən şəxslərin məsuliyyətə cəlb olunacağını qeyd etdiyi diqqətə çatdırılıb. Bu konteksdə Hikmət Hacıyevin “Bütün bu gərginlik dalğasının artması bizə təsir göstərə bilər. Lakin buna baxmayaraq, Azərbaycan sabitlik, təhlükəsizlik və firavanlıq adasıdır və biz bunu daha da möhkəmləndirməkdə davam edəcəyik” fikri xüsusilə qeyd edilib.
Bundan başqa, məqalədə Ermənistanla münaqişənin başa çatmasının Bakının xarici siyasətinə yenidən baxılmasına səbəb olduğu, Azərbaycanın hazırda özünü Mərkəzi Asiya ilə Qafqaz dağları və Yaxın Şərq arasında yerləşən ölkə kimi gördüyü, ölkənin geosiyasi kimliyinin artıq çoxşaxəli xarakter aldığı vurğulanıb. (AZERTAC)