12.03.2026, 19:12
AZ EN
12.03.2026, 17:52 4

İşğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibb xidmətlər daha da təkmilləşdiriləcək

XƏBƏRLƏR
  • Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” üzrə İşçi qrupunun növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, İşçi qrup Prezidentin “Böyük Qayıdışa dair II Dövlət Proqramı” və “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına dair tapşırıqların icrası ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq Əmri ilə yaradılıb.

Səhiyyə naziri Teymur Musayevin sədrliyi və aidiyyəti üzrə dövlət qurumlarının iştirakı ilə keçirilən İşçi qrupun növbəti iclasında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təşkil olunmuş tibbi xidmət və mövcud vəziyyətlə bağlı aparılmış monitorinqlər və qiymətləndirmənin mövcud vəziyyəti müzakirə edilib.

Bununla əlaqədar olaraq, iclasda Səhiyyə Nazirliyi tərəfindən aparılmış təhlil, ictimai səhiyyə, təcili, təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış tibbi xidmətin təşkili ilə bağlı Strateji Baxışa dair təqdimat edilib.

“Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya uyğun olaraq əhaliyə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının təmin edilməsi, həmçinin aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Eyni zamanda, mülki və hərbi-tibbi infrastrukturun səmərəli istifadəsi məqsədilə çarpayı fondunun optimallaşdırılması, əhalinin dərman vasitələri ilə təminatında logistik zəncirin qurulması, əhali və tibb işçiləri arasında psixo-sosial dəstək işinin aparılması və tibbi savadlılığın artırılması məsələlərinə də toxunulub.

Aparılan monitorinqlər nəticəsində işğaldan azad edilmiş ərazilərdə tibb müəssisələrinin fəaliyyətinin bərpası, səyyar tibbi xidmətlərin genişləndirilməsi, tibb müəssisələrinin kadrlarla təmini, tibbi heyətin fəaliyyətinin stimullaşdırılması və infrastrukturun inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələr ətraflı təhlil edilib.

Nazir çıxışında qeyd edib ki, Böyük Qayıdış Proqramının səhiyyə komponenti prioritet sahələrdən biridir və əhalinin sağlamlığının qorunması, keyfiyyətli tibbi yardımın fasiləsiz təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. İşçi qrupu bu sahədə koordinasiyanı gücləndirmək və effektiv həll yolları tapmaq məqsədilə müntəzəm olaraq fəaliyyət göstərir.

İclasın yekununda qarşıda duran vəzifələrin icrası ilə bağlı növbəti addımlar müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin təşkili davam etdiriləcək və bu sahədə bütün zəruri tədbirləri həyata keçiriləcək. (AZƏRTAC)

Oxşar xəbərlər