Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada şahmat məktəblərinin tikilməsinə başlanılıb, gənclərin bu idman növünə marağının artması sayəsində istedadlı şahmatçılar nəsli yetişib. Fikrət Sideifzadə, Elmar Məhərrəmov, Aydın Hüseynov, Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova keçmiş SSRİ miqyasında və beynəlxalq turnirlərdə bir-birinin ardınca qələbələr qazanıblar. Azərbaycan müstəqillik dövründə dünya şahmatına Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov kimi böyük şahmatçılar verib.
Müasir müstəqil Azərbaycanda şahmat ən populyar idman növlərindən biri sayılır. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında” Sərəncamı və “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na uyğun olaraq şahmat sahəsində dövlət siyasətinin həyata keçirilməsi, ölkədə şahmatın və onun infrastrukturlarının daha da inkişaf etdirilməsi, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin və digər şahmat mütəxəssislərinin hazırlanmasını təmin etmək, ölkəmizin bu sahə üzrə beynəlxalq miqyasda rolunun artırılması üçün əməli addımlar atılır.
Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra mötəbər turnirlərdə iştirak edən komandamız böyük uğurlar əldə edib. Kişilərdən ibarət Azərbaycan yığması 3 dəfə Avropa çempionatının qalibi olub, 2 gümüş, 1 bürünc medal qazanıb, qadın komandamız isə qitə çempionatının bürünc medalını alıb. Dünyaşöhrətli qrosmeysterimiz Teymur Rəcəbov dünya kubokunun qalibi olub. Qabaqcıl şahmatçılarımızdan Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Nicat Məmmədov, Vasif Durarbəyli, Eltac Səfərli, qadınlar arasında Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Gövhər Beydullayeva, Gülnar Məmmədova və digərləri beynəlxalq arenalarda böyük nailiyyətlər qazanırlar.
Ölkəmizdə yeniyetmə şahmatçılar arasında çoxlu istedadlı zəka ustaları yetişir. Belə ki, 2019-cu ildə Aydın Süleymanlının 16 yaşadək idmançılar arasında dünya çempionu adını qazanması, eləcə də həmin il 16 yaşadək şahmatçılardan ibarət Azərbaycan komandasının Ümumdünya Şahmat Olimpiadasının qalibi olması bu sahədə güclü potensialın olmasının bariz nümunəsidir.
Azərbaycan, həmçinin şahmat üzrə ən mötəbər turnirlərə ev sahibliyi edib və bu ənənə son illər də davam edir. Ölkəmizdə Ümumdünya Şahmat Olimpiadası kimi nüfuzlu yarışın təşkili, eləcə də görkəmli zəka ustası, mərhum qrosmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi superturnirdə dünyanın ən güclü şahmatçılarının iştirak etməsi Azərbaycanın şahmat ölkəsi olduğunu sübut edir.
Ötən il dünyanın şahmat ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönəldi. Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşada beynəlxalq şahmat turniri təşkil edildi. Həmçinin daha bir mötəbər yarış – 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası ötən ilin oktyabrında Naxçıvanda təşkil edildi.
Hazırladı: Mina RƏŞİD