11.03.2025, 23:39
AZ EN
10.02.2023, 15:13 379

10 fevral - Türkmənçay müqaviləsi

XƏBƏRLƏR
  • 1828-ci il fevral ayının 10-da Çar Rusiyası və İran arasında bağlanan Türkmənçay müqaviləsinə əsasən Azərbaycan torpaqlarının Araz çayından şimal hissəsi Çar Rusiyasının, cənub hissəsi isə Şah İranının əsarətinə keçib. Təbrizin 50 km-dəki Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Müqavilənin imzalanmasında məşhur rus yazıçısı Qriboyedov və tarixçi-yazıçı Abbasqulu ağa Bakıxanov (tərcüməçi kimi) iştirak edib.

Türkmənçay müqaviləsi Azərbaycan tarixində qanlı səhifələrdən biridir. Bu müqavilə Azərbaycan ərazisinə Azərbaycanın tarixi taleyinə bütövü, tamı bölən, Azərbaycanı parçalayan, ərazilərimizə qəsd edilən bir tarixi məqamdır. O vaxt Azərbaycan müstəqil feodal xanlıqları formasında mövcud olan hər bir xanlıq orta əsrlərin feodal dövlətlərindən idi. Belə bir məqamda İranla Rusiya bu müstəqil feodal dövlətləri tutmaq qərarına gəldilər. Nəticədə, tamamilə özlərinə məxsus olmayan ərazi uğrunda savaş başlanıb və Azərbaycan torpaqlarını öz aralarında bölüblər. Tarixən nə Rusiya, nə İrana dəxli olmayan, əksinə Böyük Səfəvi dövlətinin bir parçası olan bu feodal dövlətlər bölünərək və Azərbaycanın Şimalı və Cənubu ifadəsi yaranıb. Əslində bu, Rusiyanın Pyotr dövründən qalma siyasətinin bilavasitə davamı idi və burda hələ I Pyotr vəsiyyətlərində ifadə olunmuş müəyyən məqamlar öz əksini tapmışdı. Müqavilədə İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçürülməsi, İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı. Yəni ermənilərin Azərbaycanda yerləşdirilməsi üçün münbit siyasi şərait yaranmışdı və Türkmənçay müqaviləsinin təbəə alış-verişi, yəni insan dəyişməsi maddələri burda Azərbaycanın bugünkü taleyinə təsir edən məqamları yaratmışdı. Belə ki, bu müqavilənin şərtləri əsasında İrandan 40 min, Türkiyədən 84 min erməni Azərbaycana köçürüldü.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər