23.11.2024, 02:05
AZ EN
03.09.2023, 10:23 258

Özünə şəhid ömrü arzulayan qəhrəman

XƏBƏRLƏR
  • Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərimizdən biri də Ələkbər Ələsgərovdur.

Ələkbər İsgəndər oğlu Ələsgərov 1998-ci il sentyabrın 3-də Bakı şəhərində Kubinkada anadan olub. 2015-ci ildə Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbi bitirib. Həmin ildə Azərbaycan dənizçilik kollecinə daxil olub.

Ələkbər Ələsgərov 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Beyləqan rayon "N" saylı hərbi hissədə top komandiri olaraq həqiqi hərbi xidmət çəkib.

Ələkbər general Polad Həşimovun ölümündən sonra könüllü orduya yazılıb. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə vuruşub. 2020-ci il oktyabrın 1-də Füzulinin Alxanlı kəndi uğrunda döyüşən Ələkbər Ələsgərov qəhrəmancasına şəhid olub. Hökməli qəbiristanlığında böyük ehtiram və izdihamla dəfn edilib. Polkovnik-leytenant Zaur Cəfərov Ələkbərin xatirəsinə onun ad soyadını tankın üzərinə yazmışdır.

Ələkbər Ələsgərov ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə", medalları ilə təltif edilib.

Anası Sveta Ağayeva Ələkbərin Dənizçilik Akademiyasını bitirdiyini söyləyir: "4 il həm oxuyub, həm də işləyib, bizə kömək edib. Uşaqlıqdan o da, qardaşı da əsgər paltarı geyinməyi xoşlayırdılar, taxtadan tapançalar düzəldirdilər. Ələkbər həmişə əlini kürəyimə vurub deyirdi ki, görərsən necə oğlanlar böyütmüsən, torpaqlarımızı biz alacağıq. Nə qədər desəm də ki, torpaqlar sülh yoluyla alınacaq, dediyindən dönmürdü. Deyirdi, şəhid olsam, Çingiz Mustafayevin "Ana, mən şəhid oldum” mahnısını qoyub qulaq asarsan. Elə dediyi kimi də oldu. Sanki oğlum şəhid olmaq üçün yaşamışdı”.

Sveta Ağayeva danışır ki, Horadiz tərəfdəki hərbi hissədə xidmət etmiş Ələkbər general-mayor Polad Həşimov həlak olandan sonra könüllü olaraq orduya yazılıb. "Sentyabrın 21-i telefonuna zəng gəldi ki, hərbi komissarlığa gəlməlisən. Mən ona nə sarıldım, nə də görüşdüm. Dedi, təlimə gedib qayıdacam. Amma son gedişi oldu...”11 gün sonra... "O arada cəmi iki dəfə də zəng vurdu, Füzulidə olduğunu dedi. Soruşurduq necəsən, bizi qorxutmamaq üçün düzünü demirdi. Hər şeyin yaxşı olduğunu deyirdi. Amma atışma səslərini eşidirdim. Oktyabrın 1-də zəng gəldi, Ələkbərin anası olub-olmadığımı soruşdular və heç nə demədən dəstəyi asdılar. Başa düşdüm ki, pis bir şey olub. Sonra evə polis gəldi, onun arxasınca çıxanda küçədə böyük bir izdiham gördüm. Hər şey aydınıydı, oğlum şəhid olmuşdu…”

Ailənin ikinci oğlu da hərbi xidmətdədir. "Bakıya təlimə göndərildiyini demişdilər ona. Sevinə-sevinə gəlmişdi, qardaşının şəklini görüb ürəyi getdi. 4 saat heç nə danışmadan eyni nöqtəyə baxıb durdu. Kaş hər şey yuxu olaydı…” – Sveta xanım ürəkağrısıyla deyib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər