23.04.2025, 13:17
AZ EN
20.05.2024, 11:35 357

İran prezidentinin ölümündən əvvəl dedikləri :"Ola bilsin ki..."

XƏBƏRLƏR

İran Prezidenti İbrahim Rəisinin Azərbaycana səfərindən geri dönərkən onun sərnişini olduğu helikopterin qəzaya uğraması gündəmin ən aktual mövzusu olaraq qalır.

"Vətən səsi" xəbər verir ki, dünən qəzaya uğramış helikopterinin qalıqlarını bu gün səhər saatlarında Türkiyənin "Akıncı" pilotsuz uçuş aparatı aşkarlayıb. Dərhal bu barədə məlumat İran tərəfinə ötürülüb. Hadisə yerinə baxış zamanı sərnişinlərin sağ olmasına dair heç bir əlamət aşkarlanmayıb. Bir qədər sonra qəza nəticəsində helokopterdəki bütün sərnişinlərin həlak olduğu rəsmən təsdiqlənib.

İbrahim Rəisi ölümündən əvvəl, yəni mayın 19-da Azərbaycanla sərhəddə Prezident İlham Əliyevlə görüşəndən sonra Təbrizə gedirmiş. O, azərbaycanlı həmkarı ilə birlikdə  Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.

İran Prezidenti Seyid İbrahim Rəisi görüşdə bunun hər iki dövlət üçün uğurlu olduğunu bildirmişdi: “Cənab Prezident, çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və birgə müzakirəmizi yenidən nəzərdən keçiririk. Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür. Hazırda biz istismara verilməsi iki xalq və iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin açılışında iştirak edəcəyik. Bunun özü əlamətdar bir hadisədir ki, iki xalq, iki dövlət arasında da çox mühüm böyük layihələr həyata keçirilə bilər. Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər. Bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalqlarımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik”.

Xatırladaq ki, qəza nəticəsində İbrahim Rəisidən başqa daha 8 nəfər həlak olub. Helikopterin qəzanaya uğrmasına səbəb kimi sərt dağlıq ərazidə hava şəraitinin dumanlı olması göstərilir. 

Elxan SALAHOV

Oxşar xəbərlər