10.10.2025, 23:41
AZ EN
26.02.2025, 12:20 319

Xocalı sakini 33 il əvvəl şahidi olduğu dəhşətlərdən danışır

XƏBƏRLƏR
  • Tarixin ən dəhşətli səhifələrindən olan Xocalı faciəsindən 33 il ötür. 1992-ci il 25-dən 26-na keçən gecə Xocalı şəhəri yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən, 613 günahsız insan məhz azərbaycanlı olduğuna görə qətlə yetirildi. Üzərindən illər keçməsinə baxmayaraq, soyqırımı şahidləri bu gün də həmin dəhşətləri böyük ürək ağrısı ilə xatırlayırlar.

Xocalı şəhərində faciənin şahidlərindən olan Zümrüd Əliyeva 33 il əvvəl baş verən hadisələri bir daha yada salıb. Zümrüd xanım deyir ki, faciə baş verən günədək ailəsi, övladları ilə xoşbəxt həyatlarını yaşayıblar. Doğum günündə evini, doğma şəhərini, Vətənini tərk edib, kütləvi qırğının şahidi olub, soyqırımı müsibətini yaşayıb. Zümrüd xanımın 33 il əvvəlki hekayəsini öz dilindən eşidək:

“1992-ci il fevralın 25-də mənim 37 yaşım olurdu. Ad günü keçirirdik. Ermənilər necə hücuma keçdilərsə, evimiz bəzəkli, masamızın üstü dolu qaldı. Dörd övladımı və bacımın iki uşağını da götürüb evimizi tərk etdik. Həmin faciə gecəsindən sonra özümə bir daha ad günü keçirmirəm.

Əvvəlcə anamgilin evinin zirzəmisində gizləndik. Yoldaşım hərbiçi idi. Gəlib dedi ki, müdafiə olunmaq mümkün deyil. Artıq tanklarla şəhərə girirlər. Bizdə isə düşmənin qarşısını almaq üçün heç bir qüvvə yox idi. Xocalını elə gülləboran edirdilər ki, küçəyə, yola çıxmaq belə mümkün deyildi. Güc-bəla ilə gizlincə Xocalını tərk etdik. Bacımın 12 yaşlı qızının ayaqqabısı ayağından çıxdı. Ayaqqabıları götürməyə belə imkan olmadı. 12 yaşlı qız o qarda, soyuqda meşələri dağları ayaqyalın getdi. Qarqar çayı indikindən dəfələrlə gur gəlirdi. Çayı çətinliklə keçdik. Kətik dağını aşıb Ağdamın Şelli kəndinə getməli idik. Çönüb arxaya baxanda gördük Xocalı yanır... Naxçıvanik yolunda ermənilər “UAZ” markalı maşınla keçəndə bizi gördülər. Bir az keçmiş camaatı atəşə tutdular. Yer-göy qan ağlayırdı. O faciənin canlı şahidiyəm. Uşaq, qadın, qoca demədən hamını öldürürdülər... Qaraqayadan necə atırdılarsa, o dərədə bir nəfər də insan sağ qalmadı. Biz camaatdan bir az aralı idik. Gördüm ayaq üstə getmək mümkün deyil, ayaq üstə olanı vururlar. Uşaqlara dedim sürünə-sürünə gedəcəyik. Bir də gördüm 5 yaşlı oğlumun sinəsindən güllə keçib düşdü qarın içinə. Elə bildim uşaq öldü. Çağırdım, cavab verdi. Gödəkçəsinin qabağın açıb, əlimi paltarın altına saldım. Allaha qurban olum, güllə siyirib keçmişdi. Hamı pərə-pərən düşmüşdü. Bilmədim bacım uşaqları necə oldu, anam harada qaldı... O vəziyyətdə Ağdam camaatı bizə köməyə gəldilər. Bizi Ağdama apardılar...

Bu zülmü Allah götürməsin. Bir ailənin 3 uşağı qətlə yetirildi. Yoldaşımın əmisi oğlu Firdovsinin ailəsindən bir uşaq salamat qaldı. Firdovsi də, həyat yoldaşı və iki övladı da qətlə yetirildi. 81 yaşlı atamın nə günahı var idi, onu da öldürdülər. Meyidini də tapa bilmədik. Bir qardaşımın ailəsini – həyat yoldaşını, övladlarını qətlə yetirdilər, təkcə özü salamat qaldı...

Xocalıdan çıxanda yoldaşım dedi ki, “uşaqların dördünü də apara bilməyəcəksən, qızı mən aparım, oğlanlar səninlə getsinlər”. Mən oğlanlarla getdim. O da qızı götürüb digər dəstəni müşayiət etdi. Ağdamda yoldaşım bizi tapdı, soruşdu, “Leyla hanı?”. Dedim, “Leylanı sən gətirirdin axı...”. Başına döyə-döyə qayıtdı geriyə. Faciə baş verən yerə. Mən ağlayırdım, qırğını, ölənləri görmüşəm, bilirəm ki, oradan sağ adam çıxmaz. Meyitlərə baxa-baxa gəlirdim ki, qızımı görsəm götürüm. Səhərə yaxın yoldaşım gəlib dedi ki, Leylanı tapıb. Dedim, meyidini tapdın? Ağladı, məni qucaqladı, dedi yox, sağ tapmışam. Sən demə, axtara-axtara uşağı bir kolun dalından tapıb. Uşaq donmuşdu, apardıq Ağdam xəstəxanasına. Belə müsibətlər görmüşük. Ermənilər bizə görünməmiş zülm ediblər”.

Azərbaycan Ordusu günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı. Artıq Xocalı azaddır. İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, Xocalı da yenidən qurularaq bərpa olunur. Xocalı sakinləri 33 il əvvəl min bir əzabla çıxdıqları doğma yurdlarına qayıdırlar.

“Bu gün 32 ildən sonra torpağımıza, cəmi 10 il yaşaya bildiyim evimə qayıtmışam. Allah şəhidlərə rəhmət eləsin. Prezidentimizə təşəkkür edirəm, bizi torpağımıza, Vətənimizə qaytarıb. Allah bir də xalqımıza pis günlər yaşatmasın”, - deyə Xocalı sakini bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər