12.03.2026, 17:17
AZ EN
12.03.2026, 16:02 205

Kənd təsərrüfatı naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib

QARABAĞ
  • Kənd təsərrüfatı naziri Məcnun Məmmədov martın 12-də Ağdam şəhərində Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsi ilə təmin olunma, həmin ərazilərə heyvandarlıq təsərrüfatlarının köçürülməsi, subsidiyaların verilməsi, aqrar sığorta, güzəştli şərtlərlə kredit verilməsi, damazlıq heyvanların lizinqi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və digər məsələlərlə bağlı olub.

Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı da iştirak edib. (AZƏRTAC)

Oxşar xəbərlər