20.10.2024, 01:23
AZ EN
07.09.2023, 11:06 274

Bu günü çoxdan gözləyirdim

XƏBƏRLƏR
  • Uşaqları Elməddini həmişə onlara əl elədiyi anında xatırlayacaqlar. Çünki həmin gün atası onlardan ayrılıb döyüşə yollanırdı. Sanki hiss edirdi ki, bir daha balalarını görə bilməyəcək, ona görə də gözdən itənə qədər onlara əl elədi...

Bu gün Vətən müharibəsinin qəhrəmanlarından olan Şəhid, çavuş Elməddin Məqsəd oğlu Pənahovun doğum günüdür. O, 1983-cü il sentyabrın 7-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1990-1999-cu illərdə S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. 2001-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2003-cü ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olub.

2014-cü ilin mart ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Nümunəvi xidmətinə görə hərbi hissə rəhbərliyinin diqqətini cəlb edib, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılıb. 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub, fəxri fərmanlar alıb.

Çavuş Elməddin Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə iştirak edib. Ailəsi ilə son dəfə oktyabrın 11-də əlaqə saxlayan E.Pənahov bir gün sonra Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhadətə ucalıb. Cəbhə yoldaşları deyirlər ki, həmişə üzündə gülüş olan igid döyüşçünün şəhadətə ucalan anda da çöhrəsində təbəssüm vardı...

 Nur üzlü Şəhidimiz boya-başa çatdığı doğma kəndlərində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Elməddin Məqsəd oğlu Pənahov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bu gün onun haqqında kövrək olsa da, qürurla danışan doğmaları deyirlər ki, Elməddin müharibə başlayanda çox sevindi. Deyirdi ki, biz bu günü çoxdan gözləyirdik...

Şəhidimiz ailəli idi. Onun İlkin və Ömər adlı iki oğul balası Vətənə  yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər