Qaradağlı faciəsinin şahidi Şahruz Əliyev müsahibəsində 33 il əvvəl baş verən qanlı hadisələri xatırlayaraq deyib: “1992-ci il fevralın 14-də düşmən kəndi mühasirəyə alaraq, hücuma keçdi. Biz fevralın 17-dək inadla müqavimət göstərdik. Kömək gözləyirdik, amma heç bir kömək yox idi. Ayın 17-də gülləmiz qurtardı və əsir götürüldük. Bizi kamazlara mindirib Xankəndiyə apardılar. Əsirlikdə bizə çox əzab-əziyyət verdilər. Əsir götürülənlərin arasında uşaqlar, qadınlar, qocalar var idi. Kənd sakinlərinin bir çoxunu qətlə yetirdilər. Öldürmədiklərini isə hər gün döyürdülər, işgəncələr verirdilər. Nəhayət, 1992-ci il aprelin 10-da əsirlikdən azad oldum. O dəhşətli günlər yaddaşımdan heç zaman silinməyəcək”.
Ş.Əliyev torpaqlarımızın azad edilməsi ilə şəhidlərin ruhlarının da dinclik tapdığını bildirib: “Ən böyük arzularımız həyata keçib, 30 ildən artıq ayrı düşdüyümüz torpaqlarımız işğaldan azad olunub. Bu gün o torpaqları müqəddəs yerlər kimi ziyarət edirik. Bu gün həm də Qaradağlı faciəsi zamanı şəhid olan kənd sakinlərinin ruhları şaddır. Allah şəhidlərimizə rəhmət eləsin”. (AZƏRTAC)