Tədqiqatçı-jurnalist Vasif Quliyevin məlumatına görə, Şuşanın 2-ci xanı İbrahimxəlil xanın şəxsi mühafizə dəstəsində Cavanşir nəslindən olan Malı adında cəsur bir döyüşçü olub. O, təqaüdə çıxarkən xan ona bəylik rütbəsi verib. Sonra döyüşçünün özünün bəyəndiyi yerdən ona xeyli torpaq sahəsi bağışlayıb. Qayalıq ərazidə yerləşən Malıbəyli kəndi bu cür təşəkkül tapıb. 1912-ci ildə nəşr edilmiş “Qafqaz təqvimi” jurnalında Yelizavetpol quberniyasının Şuşa nahiyəsinə aid olan kəndin əhalisinin azərbaycanlılardan ibarət və 1060 nəfər olduğu bildirilirdi. 1921-ci ildə aparılmış siyahıya əsasən, kənddə 942 nəfər, 1986-cı ildə tərtib edilən siyahıda isə kənddə 1224 nəfər yaşadığı və onların hamısının azərbaycanlı olduğu göstərilib.
Malıbəyli məscidi
Malıbəyli məscidi, hamam və bulaq Şuşanın tarixi memarlıq abidələrindən sayılır. Malıbəyli məscidi kəndin ortasında yerləşir və təkminarəlidir. Məscidin minarəsi 20-ci əsrin əvvəllərində erməni-müsəlman ixtişaşı zamanı ermənilər tərəfindən dağıdılıb. Məscid Şərq üslubunda yerli çay daşlarından tikilib. Onun 19-cu əsrə aid olması ehtimal olunur. Doqquz günbəzli bu məscidin hündürlüyü 7 metr olmaqla 4 böyük sal daş sütununun üzərində qurulub. Sütunlar oyma naxışlıdır. Məscidin günbəzləri bişmiş kərpicdən hörülüb. Onun sağ tərəfində 4, sol tərəfində isə 2 pəncərə var. Divarlara müxtəlif ornamentli yazılar həkk olunub. Məsciddən sonralar anbar kimi istifadə edilib. Malıbəyli məscidi Qarabağda çox dəyərli abidələrdən hesab edilir.
Novlu bulaq
Malıbəylidə inşa edilən Qarabağ təbiətinin nadir incilərindən sayılan məşhur Novlu bulağın adı Xan qızı Natəvanla bağlıdır. Bulaq onun maliyyə dəstəyi ilə yerli əhali tərəfindən 1880-ci ildə çəkilib. Adını da verdiyi bulağın açılışında Xan qızı Natəvan özü iştirak edib.
Məşhur Malıbəyli hamamı
19-cu əsrin axırlarına aid olan məşhur Malıbəyli hamamı kəndin şimal-şərqində yerləşir. Hamam səkkizguşəli, çatma tağlı, iki günbəzdən və su hovuzundan ibarət bir tikilidir. Onun ayrıca kanalizasiya xətti, isti və soyuq suyu olub. Hamam quruluşuna görə şərq memarlığı üslubunda inşa edilmiş, sal daşlardan, yəni, dağ və çaylaq daşlarından tikilib. Qədim memarlıq sənətinin milli xüsusiyyətlərini özündə əks etdirən Malıbəyli hamamından 1958-ci ilə qədər istifadə edilib. Yerli əhalinin söylədiyinə görə, hamamdan həftənin cümə günlərində qadınlar, qalan günlərdə isə kişilər istifadə edərdilər. Hətta, Xankəndidən və qonşu kəndlərdən də bu hamama gələrdilər...
Ümumiyyətlə, Şuşada hamam tikililərinin əksəriyyəti 5 hissədən - «tulanbar» adlandırılan yerdən, yuyunma və kisələnmə otaqlarından, ilıq su hovuzundan və daş arakəsmələrlə ayrılan soyunub-geyinmə otaqlarından ibarət olurdu.
Malıbəyli Qız Məktəbi
Təkcə Qarabağda deyil, Qafqazda yeni hadisə kimi dəyərləndirilən Malıbəyli rus-tatar qız məktəbi isə 1910-cu ildə yaradılıb. Belə ki, 1907-ci ildə Qori Müəllimlər Seminariyasının məzunu Məmməd Qarayev ibtidai xalq müəllimi kimi təyinatla Bakıya qayıdır. Sonra o ciyərlərində yaranmış problemlə əlaqədar, həm də, bir müəllim və məktəb müdiri kimi Şuşa qəzasının Malıbəyli kəndinə göndərilir. Gənc müəllimin səyi nəticəsində Malıbəyli məktəbində şagirdlərin sayı gündən-günə artır. Ancaq o vaxtlar qızlar məktəbə buraxılmırdı və bir qayda olaraq, evlərdə, ayrı-ayrı şəxslərdən dərs alırdılar. Kənddə müəllimlik fəaliyyətinə başlayandan dərhal sonra Məmməd Qarayev mütərəqqi fikirli adamların köməkliyi ilə Malıbəylidə qız məktəbi açılması haqqında məsələ qaldırır. Varlıların, xüsusilə dindarların hədə-qorxusuna baxmayaraq, 2 illik mübarizədən sonra gənc müəllim ən böyük arzusuna çatır. Beləliklə, 22 yaşlı maarif fədaisi Məmməd Qarayev 1910-cu il sentyabrın 2-də Malıbəylidə rus-tatar qız məktəbi açır. Bu Azərbaycanda ikinci, Qarabağda isə ilk qız məktəbi sayılır. Nəcəfqulu Əliyev adlı kənd sakini 7 qızından 5-ni, Əbdül Kərimov 9 yaşlı qızını fərəhlə yeni açılmış bu məktəbə gətirib...
Qız məktəbində ümumtəhsil fənləri ilə yanaşı, şəriət dərsi də tədris olunurdu. Şəriət dərsini məktəbin açılmasında böyük xidməti olmuş Mirmehdi Mirmustafa oğlu Ağamirov, rus dilini isə Nadejda Makarovna Moiseyeva tədris edirmişlər. Qızlara rus dili ilə bərabər naxışvurma texnikası, paltartikmə qaydası da öyrədirilirmiş. Ancaq ümumi pedaqoji prosesə M.Qarayev özü rəhbərlik edirmiş...
1913-cü il yanvarın 9-da unudulmaz müəllim, məktəb fədaisi 25 yaşlı Məmməd Qarayev vəfat edib. Qızlar məktəbi bağlansa da, M.Qarayevin miras qoyduğu maarif işığı vaxt getdikcə alovlanmağa başlayıb.
Malıbəyli qız məktəbinin açılması təkcə Qarabağda deyil, bütün Qafqazda yeganə hadisə idi. Ədəbiyyatşünas, böyük pedaqoq Firudin bəy Köçərli müsəlman qız məktəbinin açılmasını Qafqaz müsəlmanlarının tarixində yeni epoxanın başlanğıcı kimi qiymətləndirmişdi. Qız məktəbi az vaxtda xalq arasında geniş şöhrət tapmış və onun təsiri ilə Azərbaycanda bu qəbildən olan məktəblərin sayı artmağa başlamışdı.
Əhalinin məşğuliyyəti
Malıbəyli kənd əhalisinin əsas məşğuliyyəti çarvadarlıq (Əsasən qatır, at və dəvə vasitəsilə tacirlərin mallarının daşınması ilə məşğul olan peşə) olub. Heyvandarlıq və əkinçilik də kənddə inkişaf edən sahələrdən idi. Qadınlar isə qədim üsulla ip əyirər, xalça toxuyardılar. Demək olar ki, evlərin çoxunda toxucu dəzgah (hana və yer hanası) var idi. Qadınlar hazırladıqları yun, pambıq iplərdən xalça, kilim, palaz, fərməş, xurcun, şəddə və digər məmulatlar toxumağı bacarırdılar. Yaxın zamanlaradək Malıbəylidə naxışlı keçələr də toxunurdu, onun naxışlarının orta əsrlərdə Orta Asiyanın dekorativ incəsənət əsərlərinin naxışları ilə oxşar olduğu bildirilir.
Malıbəyli xalçaları özünəməxsus rəng çalarları və naxışları ilə bu gün də, Qarabağın nadir sənət incilərindən sayılır və dünya muzeylərini bəzəyir...
Xarratlar palıddan və vələsdən müxtəlif məişət əşyaları hazırlayırdılar. Qab-qacaq, o cümlədən təhnə, tabaq, nehrə, cəhrə, çanaq, qollu tərəzi, yun darağı, hana (xalça toxumaq üçün), yer hanası (şəddə, örkən toxumaq üçün) belə əşyalara misal ola bilər.
Tanınmış şəxsiyyətləri
Malıbəylinin adı həm də, görkəmli şəxsiyyətləri ilə tanınır. Azərbaycanda ilk “professor” adı məhz bu kənddən olan müəllim və hüquqşünas, pedaqoq Azad bəy Əmirova verilib. Xanəndələrdən Malıbəyli Cümşüd, Malıbəyli Həmid, Malıbəyli Əsgər, Malıbəyli Muxtar və başqalarının adlarını xatırlada bilərik. EA-nın müxbir üzvü, tarixçi İdeal Nərimanov, Əməkdar İncəsənət xadimlərindən tarzən Oqtay Quliyev, şair Çingiz Əlioğlu, teatrşünas Məryəm Əlizadə, professorlardan Cahid Quliyev, Naib Şirinov, Rasim Hacıyev, Aydın Hacıyev və başqaları bu kənddə doğulublar.
Böyük strateji əhəmiyyətə malik olan Malıbəyli kəndi 11 fevral 1992-ci ildə ermənilər tərəfindən işğal edilib, dağıdılaraq viran qoyulub. Azərbaycan Ordusunun möhtəşəm Qələbəsindən və 10 noyabr 2022-ci ildə Ermənistanın təslim aktı imzalamasından sonra bu kəndin ərazisi də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindədir...
Mina RƏŞİD