30.07.2025, 16:57
AZ EN
27.02.2025, 09:48 375

Bu gün şəhid gizir Tofiq Əmirlinin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsi qəhrəmanlarından olan gizir, şəhid Tofiq Şəmsəddin oğlu Əmirlinin doğum günüdür.

O, 1992-ci il fevralın 27-də Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Bir qardaşı və bir bacısı var. Qəsəbədə Milli Qəhrəman Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbi bitirib. Ş.Əmirli hərbi xidmətini Sərhəd Qoşunlarında başa vurub. Hərbi xidmətini layiqincə bitirdikdən sonra çalışmaq üçün Rusiya Federasiyasına yollanıb. Daha sonra vətənə qayıdaraq sərhədçi olmaq arzusuyla Sərhəd Qoşunlarına daxil olaraq gizir rütbəsində Vətənə xidmətə başlayıb. O, 2018-ci ildən snayper kimi Xüsusi Təyinatlı Dəstənin üzvü olub. Yüksək hazırlıq və bacarıqlarına görə 2018-ci ildə Çevik Hərkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsinə seçilən Tofiq qısa müddət ərzində əməliyyatçı-snayper kimi formalaşıb.

Tofiq Əmirli 2020-ci il sentyabrın 27-də başlanan İkinci Vətən Müharibəsinin ilk günlərindən Füzuli rayonunun işğal altında olan ərazilərinin azad olunması uğrunda döyüşlərə qatılıb. Gizir Tofiq Əmirli döyüşlərdə şücaətlər göstərib. Cəbrayıl və Qubadlı rayonunun işğal altındakı kəndlərinin azad olunmasında əsl rəşadət göstərib.

Qəhrəman Vətən oğlu Tofiq Əmirli 2020-ci il oktyabrın 13-də Cəbrayıl uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük bir izdiham və ehtiramla oktyabrın 14-də doğma Cəlilabad rayonunun Göytəpə qəsəbəsində torpağa tapşırılıb.
Gizir Tofiq Əmirli ölümündən sonra ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidimizin atası Şəmsəddin Əmirli deyir ki, Tofiqi evləndirmək istəsələr də, o, hər dəfə müxtəlif bəhanələrlə bundan imtina edirdi: “Tofiqi evləndirmək istəyirdik, hər dəfə anası ona qız tapırdı, amma müxtəlif bəhanələrlə evlənməkdən boyun qaçırırdı. Mən artıq bilirdim o, niyə evlənmir. Tofiq hər şeyi yaxşı bilirdi... Mən onun yaralı komandiriylə görüşdüm. Məlum oldu ki, Tofiq Cəbrayılın kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Səngərdə susuz qalan əsgər yoldaşlarına çox çətin şəraitdə uzaqdan su gətirib. Bu haqda komandiri mənə danışdı. Döyüş vaxtı Tofiq və digər hərbçi yoldaşı silahlarını doldurarkən ikisinin arasına mərmi düşüb. Hərbçi yoldaşı yaralansa da, Tofiq şəhid olub”.
Şəhid atası oğlunun şəhid olduğunu yuxuda gördüyünü deyir: “Mən artıq gecə yuxuda görmüşdüm ki, Tofiq şəhid olub. Amma özümü inandırmağa çalışırdım ki, ona heç nə olmayıb. Çünki anası da narahat idi, istəmirdim o da nəsə bilsin. Tofiq həmişə deyirdi ki, şəhid olmaqdan qorxmuram, amma qorxuram ki, anam dözməyə. Doğrudan da, anası ondan sonra dözmədi, dünyasını dəyişdi. Tofiq ev tikmək istəyirdi və ona görə qəsəbədə 10 sot torpaq almışdı. Amma elə oldu ki, əmisinin darısqal evdə yaşadığını görüb buna dözmədi və torpağın 4 sotunu ona bağışladı. Amma öz evini tikə bilmədi...

“Ancaq mən onun arzusunda olduğu evi o torpaqda tikəcəm”, - deyir, şəhid atası. Ş.Əmirli Tofiqin anasının da, qəfil dünyasını dəyişməsinə mat qaldıqlarını deyir:

“Anası mənə təsəlli verirdi, özü də ağlamırdı. Amma sən demə, bu dərdi içindən çəkirmiş. Bir dəfə qəfildən halı pisləşdi, həkimə apardıqdan sonra özünə gəldi. Amma ikinci dəfə oktyabrın 26-da onu həkimlərin müdaxiləsinə baxmayaraq həyata qaytara bilmədik. Elə onu da Tofiqin məzarı yanında dəfn etdik”.

Qardaşı Nicat deyir ki, Tofiqlə sentyabrın 26-da danışdıq. Dedi ki, özünüzdən muğayat olun. Dedim, heç olmasa mən də gəlim, sənə kömək edərəm. O, gülərək dedi ki, sən elə atanın-ananın yanında qal.

Gizir Tofiq Əmirli bu gün təkcə doğmalarının deyil, bütün Azərbaycanın fəxri, gənclərimizə nümunədir.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər