17.02.2026, 17:50
AZ EN
17.02.2026, 16:10 187

Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər cəzasız qalmayacaq

YAZILAR
  • İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb olunması beynəlxalq humanitar hüququn və cinayət hüququnun fundamental prinsiplərindən biridir. Belə şəxslərin məsuliyyətə cəlb edilməsinə nail olmaq təkcə hüquqi prosedurun icrası deyil, eyni zamanda, ədalətin təntənəsi, hüququn aliliyinin real təminatıdır.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, təcrübə göstərir ki, bir çox silahlı münaqişə və müharibələr başa çatsa da, mülki əhaliyə qarşı kütləvi qətllər, deportasiya, işgəncə, soyqırımı və digər ağır cinayətlər törətmiş şəxslər uzun müddət, bəzən isə tamamilə cəzasız qalırlar. Bu isə münaqişələrin natamam hüquqi həlli, beynəlxalq ədalət mexanizmlərinin səmərəsizliyi və cəzasızlıq prinsipinin möhkəmlənməsi deməkdir: “Halbuki müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər universal yurisdiksiya predmetidir. Bu baxımdan Azərbaycanın atdığı addımlar beynəlxalq hüquq müstəvisində xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm öz ərazi bütövlüyünü və tam suverenliyini beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə bərpa edib, həm də xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını təmin etməklə ədalətin real bərpasına nail olub. Bu, yalnız siyasi və hərbi deyil, eyni zamanda, hüquqi qələbədir”.

Səbinə Salmanova qeyd edib ki, bu gün Azərbaycan məhkəmələri tərəfindən qəbul edilən hökm və qərarlar dövlətimizin başçısının illər öncə bəyan etdiyi prinsipial mövqenin hüquqi müstəvidə tam reallaşmasıdır. “Xatırlayırsınızsa, Prezident İlham Əliyev hələ müharibədən əvvəl dəfələrlə bildirib ki, Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycan xalqına qarşı törədilmiş insanlıq əleyhinə və müharibə cinayətləri cəzasız qalmayacaq, bu əməlləri törədən şəxslər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcək və layiqli cəzalarını alacaqlar. Dövlətimizin başçısının bu bəyanatları siyasi iradənin ifadəsi olmaqla yanaşı, eyni zamanda, hüquqi dövlət konsepsiyasına əsaslanan strateji xəttin tərkib hissəsi idi. Məhz bu ardıcıl və prinsipial dövlət siyasətinin nəticəsi olaraq, hazırda Azərbaycan məhkəmələri tərəfindən qanunsuz separatçı rejimin rəhbərləri barəsində çıxarılmış ömürlük azadlıqdan məhrumetmə və uzunmüddətli həbs cəzaları Prezident tərəfindən illər əvvəl səsləndirilmiş “ədalətin labüdlüyü” prinsipinin real hüquqi nəticəyə çevrildiyini nümayiş etdirir. Beləliklə, siyasi bəyanat hüquqi mexanizmlərlə tamamlanıb, dövlət iradəsi məhkəmə qərarları vasitəsilə hüquqi qüvvə alıb. Bu proses bir daha sübut edir ki, Azərbaycanda müharibə cinayətlərinə hüquqi qiymət verilməsi populist çağırış deyil, ardıcıl dövlət siyasətinə, milli qanunvericiliyə və beynəlxalq hüququn tələblərinə söykənən məqsədyönlü fəaliyyət xəttidir”, - deyə o bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər