Bu sözləri açıqlamasında iqtisadçı Kamran Hacıyev bildirib.
O qeyd edib ki, Baş Plan şəhərin funksional zonalara bölünməsini, yaşayış, sosial, inzibati və iqtisadi fəaliyyət sahələrinin əvvəlcədən müəyyən edilmiş çərçivə üzrə inkişafını nəzərdə tutur.
“Sənəddə Laçının dağlıq-coğrafi xüsusiyyətləri nəzərə alınaraq mühəndis-kommunikasiya şəbəkələrinin, yol infrastrukturunun və ictimai məkanların mərhələli şəkildə qurulması planlaşdırılır. Bu yanaşma plansız tikintinin qarşısını almaqla yanaşı, dövlət və özəl investisiyalar üçün daha aydın və hüquqi cəhətdən sabit mühit formalaşdırır. Baş Plan çərçivəsində tətbiq olunan “ağıllı şəhər” modeli iqtisadi baxımdan resursların daha səmərəli istifadəsinə yönəlib. Rəqəmsal şəhər idarəetməsi, enerji səmərəliliyi yüksək olan binalar, mərkəzləşdirilmiş kommunal sistemlər və müasir nəqliyyat həlləri uzunmüddətli perspektivdə əməliyyat və xidmət xərclərini azaldır. Bu, həm yerli büdcə xərclərinin optimallaşdırılmasına, həm də gələcəkdə şəhərdə fəaliyyət göstərəcək biznes subyektləri üçün daha aşağı sabit xərclərə şərait yaradır. Eyni zamanda, infrastrukturun əvvəlcədən planlaşdırılması tikinti risklərini və sonradan əlavə xərcləri minimuma endirir”, - deyə iqtisadçı vurğulayıb.
K.Hacıyev, həmçinin bildirib ki, iqtisadi perspektivlər baxımından Laçın Baş Planı təkcə yaşayışın bərpası deyil, iqtisadi aktivliyin formalaşdırılması məqsədi daşıyır: “Tikinti və infrastruktur mərhələsində podratçı şirkətlər, material istehsalçıları və xidmət sahələri üçün geniş bazar yaranır. Orta və uzun müddətdə isə turizm, kənd təsərrüfatı, logistika, ticarət və gündəlik xidmət sektorlarında davamlı gəlir mənbələri formalaşa bilər. Planlı şəhərsalma və “ağıllı idarəetmə” yanaşması Laçını subsidiyadan asılı ərazi deyil, tədricən öz iqtisadi potensialını yaradan regional mərkəz kimi inkişaf etdirməyə imkan verir”. (AZƏRTAC)