Bunu Azərbaycanla Özbəkistanın tarixi köklərlə bir-birinə bağlı olduğundan bəhs edərkən tarixçi alim Musa Qasımlı açıqlamasında deyib.
O, bildirib ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra iki ölkə arasında keçilən yol münasibətlərin daha da sıxlaşdırılmasını zəruri edir: "İndiyədək xeyli işlər görülüb. 90-cı illərin əvvəllərində buraxılan kobud səhvlər aradan qaldırılıb. Bizi təkcə qardaşlıq deyil, ortaq maraqlar da birləşdirir.
Özbəkistan Mərkəzi Asiyanın ən vacib ölkələrindən biridir. Moskvada arxivdə işləyərkən XX əsrin 80-ci illərinin sonlarında Sov.İKP MK Siyasi Bürosunun Orta Asiya respublikalarında şəraitin müzakirəsinə həsr edilmiş iclaslarının birinin stenoqramını oxumuşdum. Orada yazılırdı ki, Orta Asiyanın ən vacib ölkəsi Özbəkistandır, Özbəkistan partlayarsa bütün Orta Asiya partlayar. Belə bir fikir əbəs deyildi. Özbəkistandakı şərait əvvəlki dövrlərdə olduğu kimi indi də bütün regiona təsir edir.
Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Əfqanıstanla həmsərhəd, əhalisinin sayına, təbii sərvətlərinə, sənaye potensialına görə açar ölkə olan Özbəkistanla əməkdaşlıq bütün baxımlardan əhəmiyyətlidir.
Azərbaycan da Özbəksitan üçün Qərbə çıxmaqda vazkeçilməz ölkədir. Bu gün qardaş ölkənin məhsulları Azərbaycandan keçərək dünya bazarlarına çıxır. Rusiya-Ukrayna savaşının davam etdiyi şəraitdə, hətta bu müharibə olmasa belə, Azərbaycanın əhəmiyyətinin nə demək olduğu aydındır".
M.Qasımlı daha sonra əlavə edib ki, birmənalı olaraq demək lazımdır ki, münasibətlərin indiki səviyyəsi prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin xidmətləridir. Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri bu baxımdan münasibətlərimizdə yeni səhifədir: "Səfər zamanı keçirilən danışıqlar, imzalanan sənədlər və mətbuata verilən bəyanatlar böyük tarixi əhəmiyyət daşıyır. Bir neçə məsələni xüsusi qeyd etmək zəruridir.
Birincisi, ölkələrimizin və bütün türk dünyasının bu günü və gələcəyi baxımından ən mühüm sənəd prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” dir. İndiki gərgin geosiyasi şəraitdə iki qardaş ölkənin bu sənədi imzalaması bütün digər sahələrdə olduğu kimi, müdafiə və təhlükəsizlik sahələrində bərabər hərəkət etməyə beynəlxalq hüquqi əsas verir. Prezidentimiz Cənubi Qafqazı və Mərkəzi Asiyanı vahid geosiyasi məkan kimi qiymətləndirir.
İkinci məsələ Özbəkistan tərəfindən Xankəndidə yüngül sənaye müəssisəsinin inşa edilməsi layihəsinin müzakirəsidir. Bu addım təkcə iqtisadi məsələ deyildir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə gördüyü digər dirçəliş işləri kimi bunu da özü görə bilər. Amma Özbəkistanın belə bir qərarı qardaşlıq nümunəsi, digərlərinə örnək, bədxahlara isə bir işarədir. Əsrlər ötəcək tarixə keçəcək belə işlər qardaşlığımızı daha da möhkəmləndirəcəkdir.
Üçüncü məsələ mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığa dair imzalanan sənədlərdir. Xüsusən məktəbəqədər və ibtidai təhsil sahəsində əməkdaşlığın böyük təsiri və əhəmiyyəti yaxın illərdə özünü daha da göstərəcəkdir. Bu günkü uşaqların dostluğu gələcəyin təminatı olacaqdır.
Bütün bunlar göstərir ki, dövlət rəhbərlərimiz ölkələrimizin və türk dünyasının bundan sonrakı yüzilliklər inkişafının möhkəm təməllərini yaradırlar.
Tarixi hadisələrin şahidləriyik",- deyə M.Qasımlı vurğulayıb.
Tahirə AĞAMİRZƏ