20.04.2025, 02:09
AZ EN
14.07.2022, 17:20 436

Müxalif deputatlar dalana dirəniblər

YAZILAR
  • Bu il aprelin ortalarından başlayıb iyunun ortalarınadək davam edən etiraz aksiyaları dayandıqdan sonra Ermənistanın müxalif deputatları öz uğursuzluqlarını sığortalamaq üçün yeni vasitəyə əl ataraq avqust ayının 2-də Nikol Paşinyanın baş nazir seçilməsinin bir illiyi ilə bağlı onun impinçment məsələsini qaldıracaqlarını və istədiklərinə nail olacaqlarının bildiriblər.

 Müxalifətin lideri İşxan Sağatelyanın öncə Moskvaya, ordan isə Avropa ölkələrinə gedərək erməni diaspor fəalları ilə görüşməsi də məhz Paşinyanın istefasına nail olmaq üçün dəstək qazanmaq məqsədilə olub. İqtidar komandası isə həm müxalif deputatların, həm də ölkədəki ümumi müxalifətin xalq tərəfindən dəstəklənmədiyini qanunauyğun hesab edərək bildirir ki, Paşinyana mandatı məhz xalq verib və müxalifətin «arsax» kartını ortaya atıb hakimiyyəti qamarlamaq cəhdləri yenə də fiaskoya uğrayacaqdır.

Mövcud qanunlara görə Ermənistan parlamenti iyulun 15-dən yay tətilinə buraxılır. Parlament iyulun 14-də səhər saat 10-da özünün növbədənkənar iclasını keçirərək, əvvəlcədən də açıqlandığı kimi müxalif deputatların mandatdan məhrum edilməsi məsələsinə baxmışdır. İctimi TV-də birbaşa yayımlanan həmin iclasda deputatlar Takuhi Tovmasyan və İşxan Zaxaryandan başqa digər müxalif deputatların bir rüb ərzində parlamentin müzakirələrində iştirak etmədikləri vurğulanıb və onların mandatdan məhrum edilməsi barədə qərar qəbul edilib. Parlament sədrinin müavini Ruben Rubinyan bildirib ki, Takuhi Tovmasyan müxalifətçi olsa da sədrlik etdiyi insan haqlarının müdafiəsi komissiyasının işinə layiqincə rəhbərlik edib və seçicilərin etimadını doğruldub. İşxan Zakaryan isə yenicə mandat alıb və parlament müzakirələrində hələ iştirak etməsə də o iştiraketməmə limitini keçməyib.

«Hraparak» qəzeti «Deputatların mandatdan məhrum edilməsi məsələsi uzanacaq» sərlövhəli məqalədə yazır ki, parlamentin müxalif deputatların mandatdan məhrum edilməsi barədə qərarı konstitusiya məhkəməsinə göndəriləndən sonra bu məsələyə azı 15 gün ərzində baxılmalıdır. Konstitusiya məhkəməsinin hansı qərara gəlməsi isə indidən məlum deyil. Məqalə müəllifi iddia edir ki, məqsəd heç də müxalif deputatları mandatdan məhrum etmək deyil, iqtidar sadəcə onların «ağzını bağlamaq» fikrindədir. Əgər onlar mandatdan məhrum edilərsə, bu bir tərəfdən qanunların işləməsi kimi, digər tərəfdən demokratiyaya basqı kimi qiymətləndiriləcək. Qəzetin başqa bir məqaləsində yazıldığına görə müxalif deputatlar öz səhvlərini başa düşdükləri barədə konstitusiya məhkəməsinə müraciət edərlərsə, bu humanist addım kimi dəyərləndiriləcək və onların parlamentdə iştirak etməsinə qanuni şərait yaradılacaq.

«Hraparak» qəzetinin 14 iyul tarixli sayında dərc olunmuş «Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib» sərlövhəli yazıda isə bildirilir ki, Putinin Ərdoğana xahişindən sonra Ərdoğanla Paşinyan arasında telefon danışığı olub və mövcud vəziyyət müzakirə edilib. Söhbət zamanı Paşinyan Ərdoğanı Qurban bayramı, Ərdoğan isə Paşinyanı Vartavar bayramı münasibətilə təbrik ediblər. Qəzetin əməkdaşı Narine Quqasyan türkoloq alim Muşeq Xudaverdiyandan Qurban bayramı ilə bağlı müsahibə alıb. Türkoloq Qurban bayramı və İslam dini barədə ətraflı məlumat verib.  Qeyd edək ki, o, bu müsahibəsində ermənilik etməyib və İslam dininin bəşəri dəyərlərini yüksək qiymətləndirib.

«Fakt» qəzetinin dərc etdiyi «Pen-siyalar 6000 dram artır» sərlövhəli yazıda bildirilir ki, cəmiyyətdə pensiyaların birdən-birə 6000 dram artırılacağı barədə gedən söz-söhbətin heç bir əsası yoxdur. Qəzet əmək və sosial müdafiə məsələləri üzrə nazir Nareq Mıkırtıçyanın həmin məsələyə münasibətini öyrənərək yazır ki, 2023-cü ildə pensiya birdən-birə deyil, 2 mərhələdə hər biri 3000 dramadək olmaqla artırılacaq. Nazirin sözlərinə görə, bu artım bəzi pensiyaçılara şamil edilməyəcək.

«Hraparak» qəzetində dərc olunmuş «Türkiyə və Azərbaycan vətəndaşları Ermənistanda mülk alırlar» sərlövhəli yazıda qeyd olunur ki, 2005-ci ildən 2017-ci ilədək onlarla Türkiyə və Azərbaycan vətəndaşı Ermənistanda ev və torpaq sahəsi alıb. Məsələ ilə bağlı Ermənistanın katastr komitəsinin sədri Suren Tovmasyanla müsahibə isə bəzi detalları açıqlayır. Məlum olur ki, Türkiyə və Azərbaycan vətəndaşları ifadəsi altında hazırda Türkiyədə yaşayan, həmçinin Azərbaycandan Ermənistana köçən, ancaq Ermənistan vətəndaşlığını qəbul etməyib Azərbaycan pasportu daşıyan ermənilər nəzərdə tutulur. 44 günlük müharibədən sonra Qarabağdan köçən erməni vətəndaşların Ermənistanda ev almaları da erməni cəmiyyətinin reallıqlarındandır.

İyulun 14-də 24 NEWS TV-də Qarabağdan köçən ermənilərin hökumət binası önündə etiraz aksiyaları keçirmələrinin səbəbi isə, videoçarxdan göründüyü kimi, erməni iş adamlarının onların satın aldıqları və hazırda yaşadıqları köhnə evləri ucuz qiymətə alıb, yerində müxtəlif obyektləri tikmək istəməsidir. Etirazçılar deyirlər ki, «Azərbaycanda yaşasaydıq, onlar bizi bu qədər incitməz, ayaqlamazdılar. Hakimiyyətin adamları olan bu işbazlar yalnız özlərinin mənafeləri üçün çalışırlar».

Nəsib QARAMANLI

Oxşar xəbərlər