Bunu mətbuata açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq xüsusi vurğulayıb ki, ABŞ-ın Ermənistanla hərbi təlimlər keçirməsi, ardınca Rusiyanın Ermənistana hər hansısa embarqo tətbiq etməsi konteksində ABŞ və Etmənistan hökumətlərarası komissiyanın məsləhətləşməsinin nəticəsi olaraq bir neçə maddəlik tədbirlər planının yaradılması, ABŞ rəsmilərinin Azərbaycana səfər etməməsinə dair tövsiyyələr, Azərbaycan rəsmilərinin ABŞ-a səfər etməməsi ilə bağlı müəyyən yanaşmalar, 907-ci düzəlişlə bağlı məsələlər əlbəttə ki, çox problematik idi:
"Hətta nəzərə almaq lazımdır ki, ABŞ 3-cü sektoru da işə qarışmışdı. Azərbaycana qeyri-konstruktiv münasibət QHT-lər və media sektorunda da özünü göstərməkdəydi. Yaranan problemlərin aradan qaldırılması əhəmiyyətli məsələ kimi görünür.
Çünki Cənubi Qafqazda əsas aparıcı dövlət Azərbaycandır. Bölgədəki heç bir nəqliyyat və enerji layihəsini Azərbaycandan kənarda yaratmaq mümkün deyil. Azərbaycanla təhdid və təzyiq dilində danışmaq da mümkünsüzdür. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz prinsipial mövqeyini, siyasi iradəsini nəinki ABŞ-a, digər dövlətlərə münasibətdə də sərgiləyib".
Politoloq daha sonra əlavə edib ki, biz bunu Rusiya, İran və Fransa ilə münasibətlərlə də göstərmişik: "Uğurlu nəticələrə dair çox saylı nümunələr var. Bunu görən ABŞ Dövlət Katibi Entoni Blinken bir gündə həm Azərbaycan, həm də Ermənistan liderinə telefon açdı və “hər şey əvvəlki kimi ola bilməz” tezisi gözə görünmədi. Və bildirildi ki, bu cür yanaşmalar, bu cür narrativlər münasibətlərə kölgə salır. Azərbaycan Prezidenti cənab İlham Əliyev həm də onu qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində 70 günlük fasilə yaranıb. Azərbaycan sentyabr ayında öz təkliflərini irəli sürsə də, 70 gün ərzində bunun cavabı verilməyib. Hazırda Azərbaycan təkliflər üzərində işləyərək sülh prosesində müqavilənin imzalanmasında maraqlıdır. ABŞ-ın geopolitik müstəvidə Cənubi Qafqaz uğrunda mübarizəsinə baxmayaraq, Azərbaycanın maraqlarından kənar hər hansısa bir konfiqurasiya formalaşdıra bilməz. Hazırkı reallıqlar hamını qane etməlidir, hər kəs bununla hesablaşmalıdır”,- deyə İ.Hüseynov vurğulayıb.
Tahirə AĞAMİRZƏ