Aprelin 6-da Brüsseldə keçirilmiş üçtərəfli görüşdən sonra Ermənistanda siyasi durum daha da kəskinləşib. Politoloq Edqar Elbakyan müxalifətlə hakimiyyətin qarşılıqlı ittihamları barədə yazdığı məqalədə reallığı dərk etməyənlərin mövqeyini dəstəklədiyi açıq-aydın görünür. O, aprelin 11-də isə öz facebook səhifəsində «erməni adlı siyasi türklər» sərlövhəsi altında növbəti dəfə Ermənistan hakimiyyətini ciddi tənqid edib. Politoloq həm də erməni mətbuatı üçün yenilik edib. Belə ki, o, Azərbaycanla sərhədlərin müəyyənləşdirilib təsdiqlənməsinə, kommunikasiya xətlərinin açılmasına müsbət rəy bildirən hər bir şəxsi erməni adlı siyasi türk adlandırır. Artıq mətbuatda «türk agenti», «türk cəsusu» sözləri ilə yanaşı erməni adlı siyasi türk ifadəsi də işlənməyə başlayıb. Dünyada başverən prosesləri sağlam məntiqlə qəbul etməyən milli demokratik «Qütb» isə aprelin 9-da keçirdiyi mitinqində növbəti dəfə Nikol Paşinyanın komandasını və Rusiyanı tənqid atəşinə tutub. Qərbyönümlü olan bu təşkilat erməni xalqını Azərbаycanla heç vaxt barışmamağa çağırır. Müxtəlif pafoslu şüarlarla Şuşanın və Hadrutun ermənilərə qaytarılması məsələsini özləri həll edəcəklərini bildirirlər. Bu isə bəzi ermənilərin də rəyində yazıldığı kimi qeyri-mümkündür. Rus sülhməramlılarının bölgədən çıxarılması əvəzinə isə Qərbin, ilk növbədə Fransanın sülhməramlılarının yerləşdirilməsini arzulayan «Qütb»çülər indiyə qədər hakimiyyətdə olan bütün şəxsləri erməni xalqının mənafeyini satmaqda təqsirləndirir. Elektoratı 200-300 nəfərdən çox olmayan bu «demokratik» təşkilatın bütün çıxışları demək olar ki, müharibəyə çağırışla doludur.
Ermənilərin ənənəvi «agent», «cəsus» ifadələrini indi Samvel Babayan aprelin 11-də məhz generalların ünvanına işlədir və bildirir ki, guya, Lələtəpəni erməni generalları özləri təhvil veriblər.
«Past» qəzetinin «arsaxda nə baş verir» sərlövhəli yazısında da Paşinyan iqtidarı kəskin tənqid edilib. Qeyd olunur ki, Ermənistan Qarabağdan əlini çəkib və orada yaşayan soydaşlarını taleyin ümidinə buraxıb. Bu qəzetdə də Türkiyəyə qarşı nifrət aparıcı mövzu olaraq qalır. Aprelin əvvəlindən başlayan «1915-ci il soyqırımı» şousu gündən-günə yeni məqalələrlə xalqa çatdırılır. Bu barədə demək olar ki, hər bir qəzetdə materiallar vardır. «Hraparak» media qrupunun kütləvi informasiya vasitələri arasında 4-cü yeri tutması da məhz elə Ermənistan hakimiyyətini və Azərbaycanı tənqid etdiyinə görə nail olub. Türkiyənin Ukraynaya dəstəyindən əndişələnən erməni mətbuatı bu mövzu barədə də reallıqdan uzaq fikirlər yayır və əksər ermənilərin Rusiyanın tərəfində olduğu açıq-aydın görünür.
Ermənistanda demoqrafik vəziyyətin də yaxşı olmadığı qəzetlərin narahatlıqla qeyd etdiyi olaylardandır. Göstərilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Ermənistanda 594 az uşaq doğulmuş, ölənlərin sayı isə 600 nəfər çox olmuşdur. Politoloqlar bunu səbəbini daha çox ölkədəki siyasi durumla izah edirlər.
Nəsib QARAMANLI