"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Davit Stepanyan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfəri çərçivəsində keçirilən görüşləri şərh edərkən bildirib. O, qeyd edib ki, Azərbaycan və Ermənistan cəmiyyətləri iki ölkənin tam birgəyaşayışının mümkün olacağı körpülər yaratmalıdır: "Sülh prosesi bu görüşlər olmadan təsəvvür edilə bilməz. Sülh ilk növbədə cəmiyyətlər tərəfindən tələb olunmalıdır. Düzdür, qarşılıqlı inamsızlıq var, illərdir bir-birimizi gözləyirik, addım-addım düşmənçilik aradan qaldırılmalıdır. Heç kim müharibə istəmir".
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə keçirilən görüşlərdə tərəfləri narahat edən bütün məsələlərin müzakirə olunduğunu deyən Stepanyanın sözlərinə görə, qarşılıqlı səfərlərin təşkili və açıq müzakirələr sülhün möhkəmləndirilməsi üçün vacibdir. Erməni ekspert əmindir ki, müharibə olmasa və sülh müqaviləsi imzalansa, qalan bütün məsələlər zamanla həllini tapacaq: "Əslində, hazırkı müzakirələrdə söhbət dostluq və qardaşlıqdan deyil, üst-üstə düşən maraqlardan gedir. Amma hər iki tərəf əmindir ki, münasibətlərin normallaşdırılması üçün dövlət nümayəndələri də, vətəndaş cəmiyyətinin təmsilçiləri də bir-biri ilə ünsiyyət qurmalı, ölkələr arasında ticarət inkişaf etməlidir. Başqa alternativimiz yoxdur, sülhə doğru irəliləməliyik, alternativ müharibədir. Biz artıq ölmək istəmirik".
Elxan SALAHOV