18.02.2026, 01:29
AZ EN
17.02.2026, 19:15 147

İordaniya mediasında Bakının turizm imkanları və şəhərsalma ənənələri barədə məlumatlar yayımlanıb

XƏBƏRLƏR
  • İordaniya mediasında Bakı şəhərinin tarixi, turizm imkanları, eləcə də ölkəmizin unikal şəhərsalma nümunələri olan “Ağ Şəhər” və “Sea Breeze” layihələri, eləcə də Bakı limanı barədə materiallar yayımlanıb.

“ər-Ray” qəzetində dərc edilmiş məqalədə Azərbaycan paytaxtının mədəni irsi, müasir infrastrukturu və turizm imkanları barədə yazılıb.

Yazıda İçərişəhər, Nizami küçəsi, Dənizkənarı park, Alov qüllələri və şəhərin digər görməli yerləri haqqında məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın paytaxtı tarixlə müasirliyin ahəngdar vəhdətini özündə birləşdirən şəhər kimi xarici qonaqlarda dərin təəssürat yaradır. Əsrlər boyu mühüm ticarət və mədəniyyət mərkəzi kimi tanınan bu ərazi qədim İpək Yolunun əsas dayanacaqlarından biri olub. Daş döşənmiş dar küçələr, möhtəşəm qala divarları və Qız qalası paytaxtın zəngin tarixinin canlı şahidləridir.

Eyni zamanda, vurğulanıb ki, dahi Azərbaycan şairinin adını daşıyan və şəhərin qonaqlarının sevimli məkanlarından olan Nizami küçəsində klassik Avropa memarlıq üslubunda inşa edilmiş binalar, çoxsaylı mağazalar və ictimai iaşə obyektləri Bakının dinamik inkişafını nümayiş etdirir. Bura qədim Avropa şəhərlərini xatırlatsa da, aydın Qafqaz ruhunu daşıyır.

Diqqətə çatdırılıb ki, Alov qüllələri müasir Bakının rəmzi kimi seçilir. Onların möhtəşəm dizaynı Azərbaycan mədəniyyətinin əsas simvollarından biri olan alov rəmzindən ilhamlanıb.

Bildirilib ki, Bakını fərqləndirən yalnız memarlıq gözəlliyi deyil, inkişafla milli kimliyin qorunması arasında yaratdığı tarazlıqdır. Müasir layihələr tarixi abidələrlə yanaşı dayanır. Küçələr və meydanlar düşünülmüş planlaşdırmanın və aydın baxışın nəticəsi kimi görünür.

İordaniyanın “Roya” telekanalında yayımlanan reportajda isə Azərbaycanın paytaxtında şəhərsalma, nəqliyyat-logistika, turizm və bərpaolunan enerji sahələrində həyata keçirilən iri layihələr barədə danışılıb. Qeyd olunub ki, bu layihələr vasitəsilə Bakının dayanıqlı inkişaf modeli ardıcıl şəkildə möhkəmləndirilir.

Vurğulanıb ki, son illər Bakı geniş inkişaf mərhələsinə qədəm qoyub. Həyata keçirilən layihələr şəhərin müasir urbanizasiya prinsipləri əsasında yenidən qurulmasını, infrastrukturun təkmilləşdirilməsini və investisiya mühitinin daha da yaxşılaşdırılmasını hədəfləyir. Bu layihələr arasında 2011-ci ildə əsası qoyulan “Ağ Şəhər” layihəsi xüsusi yer tutur. Layihə çərçivəsində keçmiş sənaye zonası müasir və dayanıqlı şəhər məkanına çevrilir.

Xəzər dənizi sahilində reallaşdırılan “Sea Breeze” layihəsi isə regionun ən iri inteqrasiya olunmuş turizm komplekslərindən biri hesab olunur. Müasir yaşayış infrastrukturu ilə istirahət və əyləncə obyektlərini birləşdirən layihə Bakının regional və beynəlxalq turizm mərkəzi kimi mövqeyini möhkəmləndirməyə xidmət edir.

Reportajda, həmçinin Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşaqlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tarixi və fəaliyyəti barədə məlumat verilib. Bu limanın böyük əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. (AZERTAC)

Oxşar xəbərlər