Bu gün qəhrəman şəhidimiz Cəlil Sulduz oğlu Cəfərovun doğum günüdür. O, 1998-ci il avqustun 8-də Neftçala rayonunun Şorkənd kəndində anadan olub. 2004-2015-ci illərdə Salyan şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. Cəlil kiçik yaşlarından sərbəst güləşlə məşğul olub, bir sıra idman yarışlarında iştirak edib. O, hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub.
Cəlil Cəfərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlanan 44 günlük Vətən müharibəsinə kəşfiyyatçı olaraq qatılıb. O, Suqovuşan, Talış kəndi və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Cəlil oktyabrın 16-da Ağdərə yolunun üzərindəki Təpəkənd kəndi yaxınlığında kəşfiyyatda olarkən düşmənin snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin nəşi uzun müddət neytral zonada qalıb. 2020-ci il noyabrın 19-da şəhid Cəlil Cəfərov böyük izdihamla Neftçala rayonu Şorkənd kənd qəbirstanlığında torpağa tapşırılıb.
Cəlil Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhidimizin qardaşı Xəlil də müharibədə kəşfiyyatçı kimi iştirak edirdi. Bir gün o, qardaşını əməliyyatdan geri qayıdanların arasında görmür. Döyüş yoldaşları ona, - “Xəlil, başın sağ olsun”, deyirlər. Xəlil bir anlığa tutulsa da özünü ələ alaraq, “Vətən sağ olsun. İndiyədək 17 nəfər belə qardaşımı itirmişəm”, cavabını verir...
Cəlil şəhid olduqdan sonra onun nəşini götürə bilməyən kəşfiyyatçılar şəhidin üzərindən təkcə telefonunu və sənədlərini götürərək Xəlilə təhvil verirlər. Xəlil həmin telefondan kəndə zəng vuraraq qardaşının şəhid olduğunu xəbər verib. Ona görə də kənddə əvvəlcə əkiz qardaşlardan Xəlilin şəhid olması xəbəri yayılıb.
“Xəlil mənə zəng vuraraq bildirdi ki, burada əmanətim qalıb, götürüb kəndə qayıdacağam. Sən demə, əmanət dedikdə o, qardaşının nəşini nəzərdə tuturdu”, deyə, şəhid atası deyib.
Cəlilin nəşini isə neytral ərazidən yalnız 1 ay 6 gün sonra götürmək mümkün olub. Onun tabutunu fəxrlə çiyninə almış əkiz qardaşı Xəlilin qürurlu görünüşü sosial şəbəkələrdə ən çox paylaşılan şəkillərdən olub.
Atası Sulduz kişi : “Qarabağda alınan hər qarış torpaq balalarımızın qanı ilə yoğrulub. Həyatda ən böyük arzum müharibə başa çatdıqdan sonra həmin torpaqları gəzib ziyarət etməkdir. Mən fəxr edirəm ki, oğlum millətimin namusu uğrunda şəhid oldu”.
Şəhidin anası da eyni fikirdədir, oğlunun Vətən yolunda şəhid olmasından qürur duyduğunu deyir: “ Bir ana kimi fəxr edirəm ki, balam Vətən yolunda gedib. Hələ uşaqlıqdan hər iki balamın arzusu döyüşçü olub, itirilmiş torpaqları geri almaq idi. Onlar arzularına çatdılar. Əkiz oğlanlarımın biri şəhid, o biri qazi oldu”.
Əkiz qardaşını doğma kəndində torpağa tapşıran Xəlil isə yenidən cəbhəyə qayıdıb və Şuşaya qədər döyüş yolu keçib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Cəlil balamız!
Mina RƏŞİD