17.02.2026, 19:08
AZ EN
17.02.2026, 17:33 61

Azərbaycan mədəniyyətinin inciləri: Qarabağ xalçaları

XƏBƏRLƏR
  • "Aran", "Bağçadagüllər", "Balıq", "Buynuz", "Bərdə", "Bəhmənli", "Qarabağ", "Qoca", "Qasımuşağı", "Ləmbəran", "Muğan", "Talış", "Lampa", "Malıbəyli", "Xanqərvənd", "Xanlıq", "Xantirmə", "Çələbi", "Şabalıdbuta",  "Bulud"...

Bunlar dünyaca məşhur Qarabağ xalçalarının növləridir. El arasında “çeşni” (bu söz yalnız xalçaçılığa aid edilir və mənaca “növ” deməkdir) adı ilə fərqləndirilən bu xalçaların böyük əksəriyyəti Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında cəmlənmişdi.

Tarixən Qarabağın əsas xalçaçılıq mərkəzlərindən sayılan Şuşada xalça toxuculuğu XVIII əsrin ikinci yarısından başlayıb və bir əsrdən çox yüksək inkişaf dövrü keçirib. Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyalarının üzərindən götürülmüş naxışlar əsasında yeni kompozisiyalar - "Bağçadagüllər", "Saxsıdagüllər”, "Bulud” kimi çeşnilər toxunub.

Qarabağ xalçalarının rəng-boyaq palitrası olduqca zəngindi və özündə təbiətin bütün rənglərinin ən zərif çalarlarını əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənib. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər müxtəlif növ həşaratlardan da alınıb. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona – "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilir. Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur.

Qarabağ xalçaçılıq sənəti iki regionda - dağlıq və aran zonalarında inkişaf edib. XIX əsrdə Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxçı, Tuğ, Köhnə Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ, Dağ Tumas kəndləri, Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında daha geniş yayılıb. Bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalçaları da Qarabağ xalçaçılıq sənətinin nümunələrinə daxildir.

Hələ 1925-ci ildə respublika ərazisində fəaliyyətdə olan bütün xalça artellərinin mərkəzləşdirilmiş qaydada idarə olunması məqsədilə “AzərXalçaİttifaq” adlı müəssisə təsis edilib.  Xankəndidə Qarabağ vilayəti üzrə ilk xalça artelinin yaradılması isə bundan bir il əvvələ, 1924-cü ilə təsadüf edib. 1927-ci ildə “Qarabağ Xalça Arteli”nin tərkib hissəsi olaraq Ağdamda xalça müəssisəsi təşkil edilib və 12 ildən sonra həmin müəssisənin bazasında  Ağdam Xalçaçılıq Fabriki yaradılıb. Bu isə xalçaçılıq ənənələrinin daha geniş ərazilərdə yayılmasına və inkişafına böyük töhfə verib.

Röya SALMANQIZI

 

Oxşar xəbərlər