17.06.2025, 09:58
AZ EN
16.03.2023, 10:14 324

Şuşa nəfəsli bəstəkar

XƏBƏRLƏR
  • Bu gün tanınmış bəstəkar, professor Zakir Cavad oğlu Bağırovun doğum günüdür. O, 1916-cı il martın 16-da Şuşada dünyaya gəlib. İlk musiqi təhsilini 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsində alan Z.Bağırov 1935-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyası nəzdində musiqi texnikumuna göndərilib.

O, musiqi texnikumunu bitirdikdən sonra könüllü olaraq cəbhəyə yollanıb, İkinci Dünya müharibəsində iştirak edib. Müharibədən sonra ordudan tərxis olunan Z.Bağırov Moskva Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olub.

 Üzeyir Hacıbəyovdan dərs alan bəstəkar  özünü həmişə onun yetirməsi hesab edib. 1949-cu ildə Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında müəllim, musiqi nəzəriyyəsi kafedrasının müdiri vəzifələrində çalışıb. Z.Bağırovun musiqi folklorumuzun toplanması və nota salınmasında xidmətləri danılmazdır.  

Bəstəkar 1935-ci ildə ilk dəfə olaraq görkəmli sənətkar Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında “Rast”, “Dügah” və “Segah-zabul” muğamlarını nota yazmış və çap etdirmişdir. O, həmçinin “Azərbaycan xalq rəqsləri” məcmuəsinin müəlliflərindən biridir. 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, həmçinin bu təşkilatın İdarə Heyətinin üzvü olmuş, müxtəlif illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Respublikanın Televiziya və Radio Verilişləri Komitəsinin bədii rəhbəri, Azərbaycan Musiqi Fondunun İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

Bəstəkar xidmətlərinə görə 1959-cu ildə “Şərəf Nişanı” ordeninə, 1960-cı ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Bəstəkarın bir çox əsərləri kimi manhıları bu gün də, eyni şövqlə dinlənilir. Onun İslam Səfərlinin “Ay qaşı, gözü qara qız”, “Gəl, gəl”, Ənvər Əlibəylinin “Lirik mahnı” adlı şeirlərinə bəstələdiyi mahnıları nümunə gətirmək olar…  

Görkəmli bəstəkar, professor Zakir Bağırov 1996-cı il yanvarın 8-də Bakıda vəfat edib. Onun işıqlı xatirəsi xalqın yaddaşında həmişə yaşayacaq!

Mina RƏŞİD

Oxşar xəbərlər