23.12.2024, 08:21
AZ EN
04.12.2024, 13:47 247

Hafiz Səfixanlı: Son il ərzində dünyada 160 min 566 piyada əleyhinə mina tapılaraq məhv edilib

XƏBƏRLƏR
  • Hazırda hələ də dünyanın 58 ölkəsində minaların yaratdığı problemlər qalmaqdadır. “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya (Ottava Konvensiyası) üzv olan ən azı 25 dövlətdə əldəqayırma minaların səbəb olduğu çirklənmənin qaldığı güman edilir. Son il ərzində 281,50 kvadratkilometr ərazi təmizlənərək 160 min 566 piyada əleyhinə mina tapılaraq məhv edilib. Konvensiyaya üzv olan 94 dövlət tərəfindən ehtiyatda olan 55 milyon ədəd mina məhv edilib. Hazırda ən çox ehtiyata malik iki ölkə Yunanıstan və Ukraynadır.

Bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanlı Kambocanın Siem Reap-Angkor şəhərində keçirilmiş “Minalardan Azad Dünya” Sammitinin yekunları və “Landmine Monitor Report 2024” hesabatına həsr olunmuş bugünkü mətbuat konfransında çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli Silahlara dair Koalisiya Təşkilatının “Landmine Monitor Report 2024” hesabatı ictimaiyyətə təqdim edilib: “Həmin hesabat dünyada minalar əleyhinə fəaliyyətin bütün aspektlərini əhatə etməklə sayca 25-ci illik hesabatdır. Hesabatda bildirilir ki, bu Konvensiyanın imzalanmasından keçən 27 il ərzində 164 dövlət, yəni dünya ölkələrinin 80 faizi “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya (Ottava Konvensiyası) üzv olub. Hələ də 33 dövlət o, cümlədən Cənubi Qafqaz ölkələri bu Konvensiyaya qoşulmayıb. Həmin Konvensiya qəbul olunduqdan sonra ona üzv olan və olmayan ölkələr minalarla mübarizə fəaliyyətlərinə əhəmiyyətli vəsaitlər ayırıblar. Bu, humanitar tərksilah müqaviləsinin təcəssüm etdirdiyi tərəfdaşlığın güclü transformasiya gücünü nümayiş etdirir. Bununla belə, qlobal böhranların sayının getdikcə artması və digər xərclərə tələbatın artması vəziyyəti daha da təhlükəli edir”.

“Hesabat dövründə konvensiyaya üzv dövlətlərdən heç biri piyadalar əleyhinə minalardan istifadə etməyib. Konvensiyaya üzv olmayan 4 dövlətin piyadalar əleyhinə minalardan istifadə etməsinə dair faktlar mövcuddur”, - deyə H.Səfixanlı əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər